Yardımlı rayonunda qanunsuz tikinti işlərinə başlanılıb, özü də çox sürətlə. Deyəsən, rayonun icra başşısı bütün işlərini bir kənara ataraq, vaxtını yalnız "tikinti-quruculuq" sahəsinə ayırıb. 

Bu barədə redaksiyamıza verilən məlumata görə, Yardımlı şəhərinin mərkəzindəki Heydər Əliyev prospektində, daha doğrusu, 122 ünvanında ticarət-iaşə obyektinin tikintisinə start verilib. Rayonun icra başçısı Ayaz Əsgərovun şəxsən xeyir-dua verdiyi, aidiyyəti məsul qurumların da susqunluqla qarşıladığı bu tikintinin qeyri-qanuni əsaslarla aparıldığı və bunun üçün heç bir zəruri sənədlərin olmadığı bildirilir.

Məlumata görə, tikintini aparan şəxs icra başçısının və digər dövlət qurumlarının gözü qarşısında aşkar özbaşınalıqla məşğuldur. Kimliyi məlum olmayan şəxsin apardığı tikili hazırda qüvvədə olan qanunverici aktlarının və ya qanunların tamamilə ziddinədir.

Bildirilir ki, şəhərin mərkəzində məhkəmə binasının düz qarşısında aparılan işlər hər gün ordan keçib-gələn icra başçısının, rayonun polislərinin və İHB-nin memarlıq şöbəsi əməkdaşlarının gözünün qarşısında cərəyan edir, hamı da, nədənsə, bunu görməzlikdən gəlirlər. Görəsən, niyə ?

Yardımlı sakinləri qanunsuz tikilinin durdurulmasını, vəzifə öhdəliklərinə dırnaqarası baxan icra başçısı Ayaz Əsgərovun və digər cavabdehlərin yuxarı instansiyalar tərəfindən cəzalandırılmasını istəyirlər. Şikayətçi olan rayon sakinləri qanunsuz tikinti işlərinə rəvac verən bütün halların aradan qaldırılmasını tələb edirlər.

Biz də mətbuat olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayonlardakı bu kimi neqativ hallara şərait yaratmayacağına, əksinə, sərt diqqət ayıracağına əmin olmaq istəyirik.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN