Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu olduqca maraqlı bir hadisəni özünün fb statusunda paylaşıb. "Təzadlar"ın oxucuları üçün təqdim edirik:
...1994-95-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, professor Nizami Cəfərov (indi millət vəkili, akademik) atama zəng edir:
– Salam, Qabil müəllim.
– Salam, Nizami.
Atam Nizami müəllimə təkcə tənqidçi-alim, dekan kimi baxmırdı. Mən onunla qonşu idim. 9-cu mikrorayonda yazıçılar üçün tikilən binada Nizami müəllim 4-cü mərtəbədə, mən isə 8-də qalırdım. Beşinci kursda mənə dərs də dedi. Nizami Cəfərov Qabil üçün ilk növbədə oğlunun qonşusu (mənzil atamın adına olsa da, dadı mənim idi) və müəllimi idi.
– Qabil müəllim, istəyirəm ki, bizim 5-ci kurs tələbələrinə bir qoşa saat dərs keçəsən.
Cavab çox da özünü gözlətmir:
– Nizami, yemək-içmək olacaq?
– Olajağ.
– Onda gələrəm.
Vədələşdikləri kimi, Qabil Filologiya fakültəsinə gəlir. O vaxt bir mühazirə 80 dəqiqə çəkirdi. Qabil danışır-danışır və qırx dəqiqədən sonra sözü qurtarır. Üzünü Nizami müəllimə tutur ki, “Vsyo. Mən qurtardım”. Nizami müəllim də Qabilə tələbələr adından minnətdarlığını bildirir. Sonra yavaş-yavaş düşürlər dekanata. Girirlər dekanın otağına. Qapını açarla bağlamırlar. Süfrə salınır. (O vaxt restorana, kafeyə getmək mümkün deyildi. Qiymətlər çox yuxarıydı.) Nizami müəllim kasıbın olanından düzür süfrəyə. Bir sağlıqdan sonra o vaxt hələ Xalq yazıçısı olmayan müəllimim, professor Gülhüseyn Hüseynoğlu gəlib çıxır. Məclis qızışır. İkinci sağlıq da deyilib, badələr qaldırılır. Üçüncü sağlıqdan sonra katibə içəri girib deyir ki, “Nizami müəllim, rektor Murtuz Ələsgərov fakültəyə gəlib”. Nizami müəllim məclis əhlindən üzr istəyib çıxır dəhlizə. Murtuz müəllimlə görüşür. Amma dekanatlığa dəvət etməyə, məlum səbəblərə görə cürət eləmir. Bunu Murtuz müəllim də o saat duyur.
– Kim var otaqda?
– Qabil müəllim. 5-ci kurslara dərs deməyə gəlmişdi. İndi çay içir.
– Nə gözəl? Gedək Qabil müəllimlə görüşüm, – deyə Murtuz müəllim dekanın otağına tərəf gedir. İçəri girir. Qabillə görüşüb-öpüşür. Və Qabil ev yiyəsi kimi onu “çay”a dəvət edir. Murtuz müəllimsə gözlənilmədən “Mən bundan içmirəm. Nizami, viski varındı?” deyə üzünü dekana tutur. Nizami müəllim tezcənə viski təşkil edir. Məclis qızışır. Bir saat, iki saat, üç saat... Necə deyərlər, Qabil Filologiya fakültəsində 40 dəqiqə dərs deyir, 3 saat yeyib-içir. Özü də ki, rektor Murtuz müəllimlə. Mənim dilimlə desək, o çox böyük sadə insanla.
Həmin gündən Murtuz müəllim filologiya fakültəsinə hər gələndə soruşurmuş:
– Nizami, Qabil burdadı?
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN