Müasir texnologiyanın sürətlə inkişaf edərək həyatımızın bütün sahələrinə müdaxilə etmək imkanlarına malik olduğu bir zamanda media da yeni keyfiyyət göstəriciləri əldə edib. Belə ki, informasiya ötürücülüyü müxtəlif forma və şəkillərdə tarixi inkişaf yolu keçərək bugünkü günə gəlib çıxıb. Medianın həyatımızda və cəmiyyətdə, o cümlədən, dövlət siyasətində rolu informasiya əsrində yeni mahiyyət qazanıb. Ümumilikdə isə, dövlət və cəmiyyət həyatında, həmçinin, hökumətin informasiya strategiyasında mediadan siyasi və informasiya vasitəsi kimi istifadə olunması onun ilk formalaşmağa başlayaraq dünyada ictimai-siyasi və bütün həyat sferalarını əhatə edəcək şəkildə inkişaf etdiyi dövrdən etibarən olduqca vacib məsləyə çevrilərək, hətta müxtəlif zamanlarda həyati əhəmiyyət kəsb edib. Medianın ictimai və sosial həyat və faəliyyət sahələrində ən fərqli formalarda rolu və təsir gücü yarandığı vaxtdan effektiv olub. Bu gücün təqdim etdiyi imkanlardan müasir dünyada müxtəlif forma və məqsədlərlə, həmçinin, cəmiyyət həyatında və siyasi proseslərdə, sosial-hadisələrin idarə olunmasında və yön verilməsi istiqamətində effektiv mexanizm kimi bu gün daha çox istifadə edilir.

Bu baxımdan, bu gün medianın rolu və əhəmiyyəti olduqca böyükdür. Media səhvləri tənqid edən və qanun pozuntularının qarşısını alan bir resurs olmaqla yanaşı, eyni zamanda, fikirlərin və cəmiyyətin inkişafına da töhfə verir.

Medianın əhatə dairəsi yalnız informasiya ötürücülüyü funksiyası daşımaq olmayıb, eyni zamanda, insanların informasiya təhlükəsizliyini təmin etmək, dövlət səviyyəsində və hökumət fəaliyyətlərində onun müvafiq qaydada idarəçiliyi, bunun üçün müvafiq mütərəqqi qanunvericilik bazasının formalaşdırılması və mütəmadi olaraq informasiya məkanının və dəyişən dünyanın tətbiq edilən yeniliklərinə uyğun şəkildə daim yenilənməsi daxildir.

Media yarandığı zamandan bu günədək fasiləsiz inkişaf edərək öz imkanlarını indiki mərhələyə çatdırıb. Hazırkı dövrdə dördüncü hakimiyyət olaraq qəbul edilən KİV-lərin fəaliyyəti, təsir gücü və dairəsinin genişliyi nəzərə alındıqda inanılmaz imkanlara malik qüvvə kimi rolu daha aydın görünür. Vətəndaşların media üzərindən hüquqlarının qorunması, o cümlədən, informasiya azadlığının təmin olunması baxımından bu nəhəng məlumat bazasının mövcud olması dövlət və cəmiyyət üçün hər zaman aktualdır.

Vətəndaş hüquqlarının müdafiəsində medianın rolu necə olmalıdır?

…Ölkə vətəndaşlarının cəmiyyət qarşısında məsuliyyətinin və vətəndaşlıq mövqeyinin göstəricisi olan təklif və müraciətlər həmişə böyük maraq doğurduğundan ətraflı təhlil edilməli, öyrənilməli və məqsədəuyğun hesab edildikdə, aidiyyəti qurumlarla birlikdə baxılmalıdır.

Vətəndaşların müraciətlərinə aidiyyəti qurumlarda baxılmasını yaxşılaşdırmaq, qaldırılan məsələlərin həllini təmin etmək üçün onların təhlili çox vacib məsələlərdən biridir. Təklif və müraciətlərin müxtəlif mövzuları əhatə etməsi vətəndaşların fəallığını, respublikada baş verən proseslərə, tarixi keçmişimizə və gələcəyimizə biganə qalmadıqlarını, bu proseslərdə yaxından iştirak etmək istəklərini əks etdirir.

***

Təklif və müraciətlərə baxılmasının əsas prinsipləri, müvafiq qanunda göstərildiyi kimi, qanunçuluğun tətbiqi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Ölkə başçısının da bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun.

Müraciətlərin dinamikası, onların növ, xarakter etibarilə tərkibi müntəzəm təhlil edilərək vətəndaş müraciətlərinə baxılaraq dolğun təsəvvür əldə olunması və bu işi daha da yaxşılaşdırılması üçün hansı tədbirlər görülür?

Qeyd etmək lazımdır ki, vətəndaşların müraciətlərinin təhlili yalnız statistik rəqəmlərdən ibarət deyil. Təhlil prosesində müraciətlərin dövlət orqanlarında necə araşdırıldığı, hansı tədbirlər görüldüyü, onların yaranma səbəbləri öyrənilir, təklif və müraciətlərdə qaldırılan problemlərin həlli və gələcəkdə təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi müəyyən edilir.

"Təzadlar" qəzeti redaksiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan, daxil olan müraciətlər ətraflı araşdırılır. Müraciətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların aidiyyəti qurumlarda həll olunmalı məsələlərinə laqeyd yanaşıldıqda, onlar təbii ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməli olurlar. Halbuki Prezident İlham Əliyev 2019-cu il yanvarın 29-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda demişdir ki, icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər, hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir".

Amma təəssüf ki, reallıqda belə deyil. Dövlət başçısının verdiyi tapşırıqlara bəzi məmurlar göz yumur, öz vəzifə səlahiyyətlərini aşaraq insanları incidir, həm rəhbərlik etdiyi qurumdan, həm də dövlətdən narazı salırlar. "Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir" fikrini az qala hər bir çıxışında vurğulayan dövlət başçısının tövsiyələrinə əməl etməmək, tapşırıqları yerinə yetirməmək təbii ki, onlara başucalığı gətirməz. Ona görə də hər bir vəzifəli şəxs düşünməli və dövlət başçısının göstərişini qeyd-şərtsiz yerinə yetirməlidirlər. Fikrimi konkret misallarla əsaslandırmağa çalışacağam...

Pənahəli Xanın heykəlini düzəldəcək heykəltaraş niyə Mədəniyyət Nazirliyinə deyil, "Təzadlar"a müraciət etdi?

Redaksiyamıza müraciət edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli redaksiyamızda olanda bildirdi ki, Şuşa işğaldan azad olunandan sonra eyni problemlə bağlı Prezident cənab İlham Əliyevə göndərdiyi onlarla məktublar, fakslar və teleqramlar ona çatdırılmayıb, hamısı Mədəniyyət Nazirliyinə göndərilib, nazirlik isə müraciətlərə əhəmiyyət vermir. C.İbrahimli bildirir ki, Mədəniyyət Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov bir il ərzində ona yazdığı 6 cavabında eyni cümləni təkrarlayıb ki, qaldırdığınız məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planı çərçivəsində baxıla bilər: "Mən də növbəti məktublarımda soruşdum ki, yazdığınız "Şuşanın yenidənqurma və bərpası planına" kim müraciət etməlidir?! Mən, yoxsa abidənin sifarişçisi olan Mədəniyyət Nazirliyi? Cavab verən yoxdur. 10 aydır cəhdlərimə baxmayaraq, mədəniyyət naziri Anar Kərimovun qəbuluna düşə bilməmişəm. Nəhayət, 10 aydan sonra Mədəniyyət Nazirliyinin 3-cü mərtəbəsinə qədər qalxa bildim. Ancaq yenə də nazirlə görüşə bilmədim ki, məsələnin məğzini ona çatdırım. Nazirliyin şöbəsindən bildirdilər ki, Prezident tərəfindən işğaldan azad olunmuş bütün şəhər, rayon, qəsəbə və kəndlərimizin yenidən qurulması, bərpası istiqamətində baş planların hazırlanması ilə əlaqədar artıq aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib, müvafiq qərargah yaradılıb, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dedilər ki, bununla əlaqədar, hazırladığınız eskiz əsasında Şuşa şəhəri üçün nəzərdə tutulan Pənahəli xanın abidəsinin ucaldılması ilə bağlı məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planları daxilində baxılması daha məqsədəuyğun hesab olunur. Sonra mən Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla telefon əlaqəsi saxladım. Məlum oldu ki, Şuşa şəhərinin yenidənqurma və bərpa işlərinin icrası, işə nəzarət Mədəniyyət Nazirliyinə tapşırılıb. Əgər belədirsə, Mədəniyyət Nazirliyi niyə mənə yazır ki, qaldırdığınız məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planı çərçivəsində baxıla bilər. Belə çıxır ki, Mədəniyyət Nazirliyi məni başdan edir? Mədəniyyət Nazirliyinin bu hərəkəti həm də ən azından Ümummilli lider Heydər Əliyevin vaxtilə verdiyi tapşırığına biganəlikdir. Ona görə ki, məhz Ümummilli lider Heydər Əliyevin tapşırığı və AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli 5 nömrəli Qərarı ilə Şuşa şəhərində Pənahəli xanın memorial abidəsinin ucaldılması qət edilib. Bu qərara əsasən, Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqınm İstehsalat Yaradıcılıq Kombinatı arasında 10.12.1990-cı il tarixli 616 saylı müqavilə və 661778,14 rubl dəyərində smeta sənədləri imzalanıb. Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə yaratdığımız Pənahəli xanın at belində möhtəşəm heykəli komissiyada bəyənildiyindən mənə həvalə olundu. Mən dünya şöhrətli memar, akademik Mikayıl Hüseynova müraciət etdim, eskiz-kompozisiya xoşuna gəldi və tövsiyə etdi ki, təcili Şuşaya ezamiyyətə gedib şəhərin rəhbər və ziyalıları ilə görüşüb, abidənin ucaldılacağı yeri təyin etsinlər, sonra işə başlayaq. Lakin Qarabağ savaşı başlandı, bir sıra rayonlarımız kimi, gözəl Şuşamız da erməni cəlladları tərəfindən yağmalandı və layihə ilə bağlı işlər dayandı. Amma Azərbaycan xalqı bu işğalla barışmadı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və müzəffər ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində işğal altındakı ərazilərimiz, o cümlədən Şuşa şəhəri işğaldan azad olundu".

C.İbrahimlinin bildirdiyinə görə, təxminən 5-6 ay əvvəl Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mədəniyyət naziri Anar Kərimovla görüşüb və Şuşada Pənahəli xanın abidəsinin ucaldılması məsələsini müzakirə ediblər: "Nazir deyib ki, eskiz-kompozisiya xoşuna gəlib, ancaq ona Prezident baxmalıdır, yaxşı olar müəllif bir layihə də hazırlasın, Prezidentin seçim imkanı olsun. Mən təcili bir yox, iki layihə hazırladım".

C.İbrahimli xüsusi olaraq vurğulayır ki, Ümummilli lider Heydər Əliyevin Şuşa şəhərində Pənahəli xanın memorial abidəsinin ucaldılması ilə bağlı çox böyük əhəmiyyət daşıyan tapşırığı 30 il geciksə də, Prezident cənab İlham Əliyevin göstərişi ilə layihənin həyata keçirilməsini müəyyən vaxta qədər çatdıra bilərik və bu, Şuşanın 270 illik yubileyinə ən qiymətli töhfə ola bilər.

C.İbrahimlinin bu müraciətindən hansı nəticələrə gəlmək olar? Bu kimi müraciətlər bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş hər hansı bir məsələ ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara, o cümlədən Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməz, yaxud müxtəlif idarələrin qapısını döyməz. Məsələn, C.İbrahimlinin müraciətlərinə Mədəniyyət Nazirliyində diqqətlə yanaşılsaydı, aidiyyəti dövlət qurumları öz vəzifələrini yerinə yetirsəydi, belə bir problem də üzə çıxmazdı. Lakin C.İbrahimliyə əsaslı cavab verilmədiyi, lazımi istiqamət göstərilmədiyi üçün o da onu narahat edən məsələnin həlli ilə bağlı yuxarı instansiyalara, yaxud "Təzadlar"a müraciət edib.

Şuşadakı məscidi tikmək istəyən bənna "Təzadlar"da...

Məlum olduğu kimi, ötən il Müqəddəs Ramazan ayının sonuncu günü, may ayının 12-də Şuşada yeni bir məscidin təməli qoyuldu. Şəmkir rayonunun Çinarlı qəsəbə sakini İsmayıl Tanrıverdiyevin redaksiyamıza gəlmə səbəbi məhz Şuşada təməli qoyulan həmin məscidin tikintisində yaxından iştirak etmək istəyidir. "Əgər mən özümə güvənməsəm, cəsarət tapıb bu məsuliyyəti öz üzərimə götürmərəm" - deyən İ.Tanrıverdiyev sözügedən məscidin tikintisi ilə bağlı qərarı bu yaxınlarda versə də, Şuşa şəhərinin tikintisində iştirak etmək arzusu onda çoxdan baş qaldırıb. Ancaq Şuşa erməni işğalçılarından azad olunandan sonra artıq orada tikiləcək məscidin bənnalığı barədə düşünməyə başlayıb. Və o, bununla bağlı aidiyyəti dövlət qurumlarından cavab almadığı üçün bizdən xahişi budur ki, onun bu istəyi Prezident İlham Əliyevin və Prezidentin köməkçisi Hikmət Hacıyevin diqqətinə çatdırılsın. O, əminliklə vurğulayıb ki, heç bir bənna o məscidi ondan yaxşı tikə bilməz. İ.Tanrıverdiyev xüsusi olaraq onu da qeyd edib ki, əgər məscid dövlət büdcəsi hesabına deyil, xeyriyyəçi və ya imkanlı şəxslərin vəsaiti ilə tikiləcəksə, o da bənnalıq işini təmənnasız görməyə hazırdır.

Özünü "MTN əməkdaşı" kimi təqdim edən Dilafət Xəlilovun "toruna düşən" şəxs “Təzadlar”a üz tutdu və…

Redaksiyamıza daxil olan İmişli rayonunun Əlyetməzli kənd sakini, 06.11.1974-cü il təvəllüdlü, hazırda Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bəşirov Rövşən Yusifəli oğlunun Baş prokuror Kamran Əliyevə ünvanlı şikayət ərizəsində bildirir ki, o, 2021-ci ilin oktyabr ayında əvvəlcə özünü Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində işləyən Mirsaleh Nağıyev kimi təqdim etsə də, sonradan kimliyi Dilafət Xəlil oğlu Xəlilov olduğu məlum olan şəxsə oğlunu işə düzəltmək məqsədilə iki nəfərdən borc alaraq 17 min manat məbləğində pul verib: "…Çünki Dilafət Xəlilov mənə dəfələrlə DTX-da işlədiyini, eyni zamanda, bir çox yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu bildirmişdir. O, tanınmış şəxslərlə yaxın olduğunu bildirərək etibardan sui-istifadə edib məndən, eyni zamanda, digər daha üç nəfərdən də külli miqdarda pul almışdır. O, dəfələrlə mənimlə görüşərkən taksi göndərərək DTX-nın binasının qarşısından onu götürməyimizi bildirmişdir. Mənim sonuncu dəfə Dilafət Xəlilovla 2022-ci ilin yanvar ayında telefon danışığım olub. O, bildirdi ki, yaxın günlərdə oğlumun işi həll olunacaq. Lakin onun günü-gündən vaxtı uzatmağı bizim şübhələrimizə səbəb oldu. Ona görə də mən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdim. Şikayətim araşdırılması üçün təhqiqatçı Vəzirə Samilovaya verilmişdir. Lakin fevralın 17-də aldığım məlumata görə, şikayətimlə əlaqədar Dilafət Xəlilovun barəsində toplanmış material əsasında cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilib. Bildiyim qədər digər şikayətlərlə bağlı onun barəsində axtarış verilmişdir. Qeyd etmək istəyirəm ki, mən özüm Birinci Qarabağ müharibəsi veteranıyam. Qardaşım oğlu Bəşirov Hakim İkinci Qarabağ müharibəsində şəhid olub. Hazırda himayəmdə qoca xəstə anam, xəstə həyat yoldaşım və tələbə oğlum var. Mən dənizçiyəm. Maddi gəlirim ancaq iş yerimdəndir. Aldığım məvacib isə ancaq iki xəstə ailə üzvümün müalicəsinə və evin ehtiyaclarına çatır. Bu səbəbdən də borc aldığım 17 min manatı sahiblərinə qaytarmağa maddi imkanım yoxdur. Halbuki mən bu pulu oğlumun işə düzəlib gələcəkdə ailə problemlərimizi yüngülləşdirmək məqsədilə alıb vermişdim. Lakin bu gün həmin borca görə maddi durumumuz daha da ağırlaşıb".

R.Bəşirov Baş prokurordan yuxarıda qeyd edilən təhqiqatçının toplanmış materiallar əsasında cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarının ləğv edilərək, işin Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verilməsi barədə göstəriş verməsini xahiş edib.

Araşdırmamız zamanı bəlli oldu ki, sözügedən şəxs o Dilafət Xəlilovdur ki, hələ vaxtilə törətdiyi dələduzluq əməllərinə görə axtarışda olub. Belə ki, 2013-cü ildə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Dilafət Xəlilov digər cinayət əməlləri də müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin Laçın rayon sakinləri Vüqar Məmiyevin, Kamil Məmiyevin və paytaxt sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 3 min, 6 min 500 və 6 min 800 manat pul alması müəyyən edilib. Və faktlarla bağlı cinayət işi açılıb.

***

Bu kimi faktlar onu göstərir ki, bəzi aidiyyəti qurumlarda vətəndaş müraciətlərinə yetərincə baxılmır. Vətəndaşlar da öz problemlərinin həlli, onlara göstərilən laqeydliyin ictimailəşməsi üçün isə mətbuata üz tuturlar. Əslində, bu, mediaya etibar və güvəndən irəli gəlir… Amma bəzən məmur özbaşınalığı, rüşvətxorluq, sosial problemlərdən şikayətlənən vətəndaş problemin ictimai qınağa səbəb olmaqla aradan qaldırılacağına ümid edir. Biz mətbuat olaraq vətəndaşların mövqeyinə geniş yer ayırdığımız, haqqı tapdananların haqqını müdafiə etdiyimiz üçün redaksiyamıza müraciət edirlər.

***

Məsələ burasındadır ki, bəzi aidiyyəti dövlət qurumlarına göndərilən şikayətlər çox vaxt araşdırılması üçün şikayət olunan tərəfin özünə göndərilir, bu da problemi aradan qaldırmaq əvəzinə, yeni problemə gətirib çıxarır. Məhz bu səbəbdən, yəni bürokratik əngəllərdən bezən vətəndaş məcbur olub mətbuata, necə deyərlər, "4-cü hakimiyyət"ə üz tuturlar. Bununla da, belə demək mümkünsə, mətbuat dövlət orqanlarının işini görmək, vətəndaşların müraciətlərinə baxmaq funksiyasını üzərinə götürmüş olur.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN