Xatırlayırsınızsa, bu il yanvarın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydası layihəsinin hazırlanıb yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyi haqqında məlumat yaymışdı. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin iyul ayında verilməsinin nəzərdə tutulduğu haqqında məlumat vermişdi. Nazir Sahil Babayev də iyun ayında işlərin yekunlaşacağını bildirmişdi. Bir sözlə, nazirlik rəsmiləri ilin əvvəlində birdəfəlik ödənişin veriləcəyi konkret tarix yerinə müəyyən ay adları çəkirdilər.

Həmin ayları bir-bir yola saldıqca isə “yaxın günlərdə” deyib təkrarlayırlar. O günün nə qədər yaxın olduğunu heç kim bilmir.

Üstəlik, yanvarda göstərilən inflyasiya göstərici, qiymət artımı ilə indiki rəqəmlər eyni deyil. Statistika Komitəsinin yaydığı məlumata görə, yanvarda ölkədə inflyasiya 12,5%, hazırda isə 13%-ə yaxınlaşır. Ərzaq, qeyri-ərzaq məhsullarının qiymətləri də ilin əvvəlindən xeyli bahalaşıb.

Bir sözlə, fərmanda göstərilən müddətdə sığorta pulu verilmədikdə, həmin pul öz dəyərini itirmiş hesab olunur.

İkinci Qarabağ müharibəsi qazilərinin RİH başçılarından şikayətçi olduğu, özünə qəsd etdiyi bir vaxtda vətənin bütövlüyü uğrunda vuruşan, sağlamlıqlarından, canından, qanından  keçən qəhrəman oğullarımızın problemlərinə laqeydlik göstərmək nəyə xidmət edir?

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov məsələnin biganəlikdən qaynaqlandığını bildirir: “Əslinə qalsa, fərman imzalandığı gündən qüvvəyə minir. Onu çoxdan həll etməli idilər. Sadəcə, məsələni uzadırlar. Bunun özü də məmurların növbəti biganəliyi və özbaşınalığıdır. Prezident fərman imzalayıb, o fərmandan irəli gələn məsələlər icra olunmalıdır. Mütləq insanlar qapı-qapı gəzməlidirlər, yayın günündə hansısa məmurun, hansısa nazirliyin qapısına gəlməlidirlər?!

Axı o məmurların özündə də bir balaca vicdan olmalıdır. Son günlər baş verən qazi intiharları, problemləri, intihara cəhdlər boş yerdən olmur. Bunlar hamısı idarəetmədə olan zəiflikdən irəli gəlir. Öz vəzifə borcunu yerinə yetirməli olanlar yerinə yetirmirlər. Onlar dərhal vəzifələrindən kənarlaşdırılmalıdırlar”.

Polkovnik bu cür münasibətə təəssüfləndiyini deyir: “Bir ilə yaxındır fərman verilib. Əslində, 180 günə bu məsələ öz həllini tapmalıdır. Hamının bütün məlumatları vahid sistemdə toplanıb. Sadəcə, bir balaca təpər, vicdan lazımdır ki, bu işi görsünlər. Onu da mən görmürəm. Mətbuat və biz bu məsələlərə toxunmasaq, heç bu məsələni yerinə yetirməzlər. Niyə belə olmalıdır? İdarəetmədə boşluqlar var.

Bu boşluqlar da məmurların harınlaşmasından, cəzasızlıqdan doğur. Sığorta pulu həmin insanlara elə-belə verilmir ki... Onların doğmaları, əzizləri vətən borcunu yerinə yetirərkən sağlamlıqlarını itiriblər, kimi həyatını itirib, kimi itkin düşüb. O pul bunun üçündür. Təəssüflər olsun ki, siz yazırsınız, biz deyirik, amma bunu eşidən azdır. Mən belə münasibətə üzülürəm, bu, belə olmamalıdır. Baxın, öz məmurlarımız dövlət, xalq olaraq bizi necə pis vəziyyətə qoyub. Sığorta pulunun veriləcəyi adamların sayını niyə təxmini deməlidilər, axı indi o dövr deyil. İndi hər kəs haqqında konkret məlumatlar bütün nazirliklərdə var. Hesab edirəm ki, bu məsələni nə qədər tez həll eləsələr, bir o qədər yaxşıdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN