Tərtər rayonunun Ələsgərli kəndində “Azərbaycan Bayrağı” ordenli şəhid Ruslan Şahbazovun xatirəsinə tikilmiş abidənin açılışı olub.

Bölgə müxbirimiz xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinlərinin, şəhidin yaxınları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ələsgərli kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzülüb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ruslan Şahbazovun qısa, lakin şərəfli və gənclərə örnək olan həyat yolundan danışıb, ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qazanılan Qələbənin tarixi əhəmiyyətini qeyd edib.

Bildirib ki, şərəfli döyüş yolu keçərək sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Şahbazov Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şahbazov Ruslan ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs həyatını itirib, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Milli Məclisin deputatı Sahib Alıyev Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışaraq Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu bildirib.

Açılış mərasimində Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Ələsgərli kənd tam orta məktəbinin direktoru Şahin Əsədov, məktəbin müəllimi Telman Həsənov, şəhidin dayısı Əliqulu Bayramov, şəhidin qohumu Bakı şəhəri 220 nömrəli məktəb-liseyin müəllimi Mətanət Abdullayeva, N saylı hərbi hissənin hərbçisi, şəhidin döyüş yoldaşı Coşqun Bayramov Ruslanla bağlı xatirələrini bölüşüblər.

Tədbir iştirakçıları abidənin üzərindən ağ örpəyi götürüb, önünə gül dəstələri qoyublar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Şəhidin atası Mahir Şahbazov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin evində olublar. Şəhidin ad günü münasibətilə rayonun mərkəzi meydanında yerləşən monitorda ona həsr olunmuş videoçarx nümayiş etdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN