Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun səhhətindəki problemlər son günlər daha da ciddiləşib.

 Bu barədə vəkil Cavad Cavadov deyib.

Onun sözlərinə görə, keçmiş səfirdə qəflətən yaranan başgicəllənmələri nəticəsində yıxılmaların sayı artmaqda davam edir.

C.Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin müalicəsinin təşkili üçün ədliyyə nazirinə müraciət etməsinə baxmayaraq, hələ cavab ala bilməyib.

Vəkil bundan öncə 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Eldar Həsənovun səhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ümumi qaydada ünvanladığı müraciətlərinə də cavab ala bilmir.

“26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir və son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicələnmə) nəticəsində yıxılmalarınn sayı yenidən intensivləşməklə artıb. Bundan əlavə hipertoniya, şəkərli diabet, boyun-bel nahiyyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdır.

Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür. Gecələr dəfələrlə kritik durum yaranır, lakin təcili yardım maşını çağırmaq mümkün olmur,” - vəkil qeyd edir.

Onun sözlərinə görə, özəl klinikalardan biri ilə ailə üzvləri müqavilə bağlayıb və kritik durumlarda təcili yardım çağırılması üçün icazə üçün Tibb Baş İdarəsinə edilən müraciətə və həmçinin iki aydan artıqdır həkim-nevropatoloq buraxılması üçün müraciətlərə cavab verilmir və təmin edilmir.

Vəkil bildirib ki, müstəqil həkim, tibb elmlər doktoru Adil Qeybulla indiyədək bir dəfə Elrad Həsənovun yanına buraxılıb.

“Bu da sənədlərlə tanışlıq xarakteri daşıyıb. İndi onun müalicə təyin edilməsi üçün tövsiyyələri var. Bunun üçün isə əlavə müayinə və analizlər verilməlidir. Həsənov davamlı həkim nəzarətində olmalıdır. Lakin bunlar edilmir,” - o qeyd edib.

Vəkil deyib ki, E.Həsənov cəzaçəkmə müəssisəsinin tibb hissəsində yerləşdirilib.

“Amma, həkim nəzarəti adekvat deyil. Bu cəzaçəkmə müəssisəsində həkimin iş rejimi belədir ki, həkim bir neçə saat olur. Altıncı və bazar günləri həkim olmur. E.Həsənovda xəstəliyin kritik anında həkim nəzarəti təmin edilmir. Onda bəzən kritik anlar gecələr olur,” – C.Cavadov qeyd edib.

Tibb elmləri doktoru Adil Qeybulla mətbuata açıqlamasında deyib ki, bir müddət əvvəl Eldar Həsənovu cəmi bir dəfə müayinə edib.

“Bu zaman bir neçə müayinənin əlavə olunması zərurəti yaranıb. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə arayış təqdim etmişəm. Bu müayinələrdən sonra onun müayinəsini davam etdirməli idim. Amma, hələlik bunlar qalıb. Çünki müayinələrin və analizlərin nəticəsi olmalıdır. Görüş üçün isə Ədliyyə Nazirliynin icazəsi olmalıdır. Hələ bunlar yoxdur,” – A.Qeybulla qeyd edib.

Həkim deyib ki, Həsənovun qara ciyəri ilə bağlı müayinə olmalıdır və baş beyinin maqnit rezonans tomoqrafiyası (MRT) olmaldır: “Bundan sonra müayinələrin nətcəsi təhlil edilib müalicə təyin etmək olar. Tibb İdarəsi müəyyən müayinələrin nəticəlsərini mənə göndərib. Qara ciyər müayinəsi və MRT-nin nəticələrini də təqdim etsələr, müəyyən müalicə təyin etmək mümkündür. Ola bilsin ki, Penitensiar Xidmətin tibb müəsisəsində müalicə mükün olmasın, o səbəbdən mülki xəstəxanaya da köçürülə bilər”.

Bu arada Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəsi müavini İftixar Qurbanov mətbuata bildirib ki, hazırda Eldar Həsənov həkim nəzarətindədir: “Vəziyyəti stabildir. Həyatı üçün təhlükəli ciddi bir xəstəliyi yoxdur. Onu tibbi mütəxəssislər və həkimlər müayinə edir.”

İ.Qurbanov “Eldar Həsənoun baş beyni MRT olunubmu və qara ciyəri müayinə edilibmi?” - sualının cavabında deyib ki, bəzi müayinələr olunub və nəticələri Adil Qeybullaya göndərilib.

Qeyd edək ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, 21 yanvar 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O, cərrahiyyə əməliyyatına məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN