Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında insan amili həyata keçirilən işlərin, çoxşaxəli islahatların başlıca hədəfidir. Bunun nəticəsidir ki, bu gün muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir. Ötən müddətdə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılıb.

Müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2021-ci il 23 sentyabr tarixdə Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” yaradılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ötən dövrdə ölkə Prezidentinin Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaiti hesabına 15-i 2022-ci ilin birinci yarısında olmaqla, 43 şəhid ailəsi və sağlamlıq imkanı məhdud müharibə iştirakçısı mənzillə, 16-sı 2022-ci ilin birinci yarısında olmaqla, 44 müharibə iştirakçısı avtomobillə təmin olunub, 4-ü 2022-ci ilin birinci yarısında olmaqla, 21 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanıb, 10-u 2022-ci ilin birinci yarısında olmaqla, 42 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmçinin bugünədək fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 1 nəfərin təhsilhaqqı xərci ödənilib.

Ali Məclis Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nin yaradılması şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsidir. Bu istiqamətdə görülən işlərin nəticəsində ötən müddətdə 126 şəhidin 251 ailə üzvünə müvafiq vəsiqələr verilib, şəhidlərin 279 ailə üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Bununla yanaşı, həyata keçirilən tədbirlərin səmərəliliyini və operativliyini artırmaq məqsədilə elektron baza hazırlanaraq istifadəyə verilib.

Postmüharibə dövründə, hərbi əməliyyatlar zamanı sağlamlıqlarını qismən itirmiş şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti artırılıb, cari ilin əvvəlində bərpa mərkəzlərinin maddi-texniki bazası gücləndirilib. Ötən müddət ərzində Vətən müharibəsi iştirakçılarının Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicəsi təmin olunub, onlara müvafiq texniki və yardımçı reabilitasiya vasitələri təqdim edilib. Bundan başqa, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 43 nəfərə xidmət göstərilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN