"Hər səhər yuxudan oyanan kimi su kanalına tərəf qaçırıq. Deyirik, birdən kanala su gələr, xəbərimiz olmaz".

Bunu səhərlərini möcüzə arzusuyla açanlar Sabirabadın Çöl Beşdəli kəndinin sakini deyir.

Uzun illərdir Çöl Beşdəli və qonşuluqdakı kəndlərdə yaşayanlar yay fəsli gələndən payızadək susuzluqdan əziyyət çəkirlər.

Kənd sakini Samirə Əliyeva deyir ki, filtirlənmiş su ötürülən krantlarımız var, ancaq heç vaxt su gəlmir: “Ona görə də kanalın suyunu duruldub, işlədərdik. Neçə ildir ki, yay gələndə kanalda da su olmur. Kanalın içərisində ya uşaqlar oynayır, ya da inəklər yatır”.

S.Əliyevanın sözlərinə görə, çox vaxt bu kənddə bir qonşu öz su problemini digər qonşunun hesabına həll edir: “Mən 5-6 küçə o tərəfdə yaşayan qonşunun hovuzundan su daşıyırdım. Kimin bir az imkanı varsa, hovuz tikir, suyu da pulla alır, hovuzunda həmişə suyu olur. Mənim kimi imkansızlar da gedib ordan su götürür, sağ olsun belə qonşular”.

S.Əliyevanın dediyinə görə, əgər kənddən keçən su kanalına müdaxilə olmasa, hamı su görər: “Kəndimizdən 2 kilometr kənarda kanalda su var. Sadəcə, kanalın kəndimizə tərəf olan qolunun qarşısını kəsiblər, suyun istiqamətini məmurların əkin sahələrinə dəyişiblər. Bunu rayonda suya nəzarət edən hər bir məmur yaxşı görür, xəbəri də var. Çünki bunu edən də elə özləridir”.

Kənd sakini Avtandil Əliyev isə bir neçə ildir ki, pambıqçılıqla məşğul olur. Ancaq həl il bu işdən zərərlə çıxır. Səbəb eynidir – su qıtlığı. İddia edir ki, bu qıtlığı yaradan rayonda suya nəzarət edənlərdir: “Bir azdan məhsul yığımı başlayacaq, zavoda pambıq təhvil verməliyəm, ancaq yenə məhsul götürə bilməyəcəm. Kim çox pul verirsə, su da onun əkin sahəsinə yönəldilir”.

A.Əliyev deyir, kənddə işsizlikdir. İnsanlar gözlərini əkinə dikib. Sahələrin susuzluqdan yanmasısa ailələrin ac qalmasına bərabərdir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsi isə iddiaları qəbul etmir. İdarədən bildirilib ki, sahələrin suvarılması üçün kifayət qədər su ehtiyatı var: “Hamı istəyir ki, birinci onun sahəsi suvarılsın. Ancaq bu iş növbəlilik qaydasında olur”.

Rayonun Su-Kanal İdarəsindən isə içməli su probleminə aydınlıq gətirilib: “Gəlin, birlikdə gedək kanala baxaq, görək harda qazılıb, istiqaməti dəyişdirilibmi? Kanalda su havanın quraqlıq keçməsi səbəbindən quruyub. Bir neçə kəndin su təminatıyla bağlı alternativ yollar araşdırılır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN