Rusiya İrəvandan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həllinə köməklik göstərilməsini xahiş edən müraciət alıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı bu gün Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında gərginliyin artması ilə bağlı yaydığı məlumatda deyilir.

"Biz Bakı və İrəvanla sıx təmasdayıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət almışıq", - məlumatda deyilir.

Rusiya Federasiyası da Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsindən hədsiz narahatlığını ifadə edir. “Biz sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk”, - deyə məlumatda bildirilir.

Bəyanatda qeyd edildiyi kimi, Rusiya Federasiyasına görə, Ermənistan və Azərbaycan arasında bütün mübahisəli problemlər yalnız siyasi və diplomatik yollarla həll edilməlidir.

“Biz Ermənistanla Azərbaycan arasındakı bütün mübahisələrin müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələləri baxımından isə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməsi prinsipindən çıxış etməyə davam edirik”, - bəyanatda qeyd olunub.

Moskva Bakı və İrəvanı sərhəddə növbəti gərginlikdən çəkinməyə çağırır. “Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - bəyanatda bildirilib.

Moskva Bakı və İrəvanın bu gün Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına saat 09:00-dan etibarən əməl edəcəyini gözləyir. “Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-də Moskva vaxtı ilə saat 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılaşma tam həcmdə həyata keçiriləcək”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN