Dağıstanda suitilərin kütləvi şəkildə tələf olmasının səbəbini regional Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri təbii amillər adlandırıb.

Xəzər sahilində tapılan 1700 suitinin tələf olması populyasiyaya  ciddi təsir göstərə bilməz.

Bunu regional Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirir.

Neft bazasından Sulak çayının mənsəbinə qədər Xəzər dənizinin sahillərində “Qırmızı kitab”a düşən suiti cəsədləri aşkar edilib.

Mütəxəssislər qeyd ediblər ki, ölən heyvanların yarılması zamanı çoxlu nümunələr toplanıb, ətraflı bakterial analiz, virusoloji tədqiqatlar, o cümlədən toxumalarda COVID-19 virusunun olub-olmaması ilə bağlı tədqiqlər aparılıb.

Materiallar Moskva və Həştərxandakı laboratoriyalara göndərilib. Eyni zamanda, suitilərin ağır metallarla və ya pestisidlərlə zəhərlənməsi ilə bağlı məlumatlar da təsdiqini tapmayıb.

Nazirlik hesab edir ki, bir neçə yüz suitinin tələf olması onların populyasiyasına ciddi təsir göstərə bilməz, çünki son məlumatlara görə, Xəzər suitilərinin sayı sabitdir - 270 mindən 300 minə qədər.

Xatırladaq ki, ötən gün Xəzər dənizinin Dağıstan sahillərində  1700 ölü suiti  tapılıb.

Xəzərin Mühafizəsi Mərkəzinin baş direktorunun sözlərinə görə, heyvanlar təxminən 2 həftə əvvəl tələf olub, zorakılıqla ölüm izləri, eləcə də balıqçı torlarının qalıqları yoxdur.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan və dəniz ekosistemində unikal rol oynayan yeganə dəniz məməlisidir. Xəzərin bütün akvatoriyasını və arxipelaqlar qrupunu əhatə edir. Lakin bir yerə toplanması qida və reproduktiv miqrasiyalarla əlaqədar olaraq mövsümidir. Azərbaycanda - Xəzərin Azərbaycan sektorunun bütün akvatoriyasını və Abşeron arxipelaqının ayrı-ayrı adalarını əhatə edir. Son 5 - 6 ildə Azərbaycan akvatoriyasında onların daimi yataqları artıq mövcud deyil. 20- ci əsrin 30-cu illərində Şahdili və ona bitişik adalarda suitilərin ovlanması həyata keçirilirdi. Hər il on minə yaxın suiti ovlanırdı. 60 - 70- ci illərdə onların yatağı demək olar ki, Abşeron və Bakı arxipelaqlarını bütünlüklə əhatə edirdi.

XX əsrin əvvəllərində onların sayı bir neçə millyon təşkil edirdisə, 1990-cı ildə sayları 400 - 500 minə kimi azalmışdır. Demək olar ki, son 20 il ərzində də sayları təxminən dörd dəfə azalıb. Dünyada suitilərin ən xırda növü sayılır - yaşama müddəti isə 50 ildir.

 Əsasən balıqla qidalanan suiti qida piramidasının zirvəsindədir və böyüdükdə də təbii düşmənləri yoxdur.

Təəssüf ki, Xəzər dənizinin Dağıstan sahillərində bir neçə ildən bir ölü suitilərin qalıqları müşahidə olunur. Belə hallar 2012 və 2016-cı illərdə də qeydə alınıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN