Xəbər verildiyi kimi, bu səhər Yardımlı rayonu, Honuba kəndi yaxınlığında 

meşə ərazisində yanğın hadisəsi baş verib. Mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında davam edən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb və bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

İndi isə Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib. ETSN-in məlumatına görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Xatırladaq ki, qardaş Türkiyədə 6 gündür baş verən meşə yanğınları ilə mübarizə hələ də davam edir. Başlanğıcda  bu yanğının trayektoriyasının bu qədər genişlənəcəyi bəlkə də düşünülmürdü, amma müxtəlif səbəblərdən, o cümlədən Türkiyə KİV-nin yaydığı məlumata görə, terrorçuların əli ilə baş verən bu yanğınlar Türkiyənin 35 vilayətinə yayıldı. Meşə yanğınlarının baş verdiyi qəsəbələr təbii fəlakət bölgəsi elan edildi. Yanğınların söndürülməsi üçün 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 52 helikopter, 850 su tankeri, 150  iş maşını, 13 yük maşını, 129 yanğınsöndürən maşın, 11 ekskavator, 57 təcili yardım maşını, 16 Milli Tibbi Xilasetmə Qrupu (UMKE) maşını istifadə edilərkən, 5 min 200 personal və 456 sağlamlıq işçisi səfərbər edilib. İndiyədək baş vermiş 138 meşə yanğınından 129-u nəzarətə alınıb.
İndi isə meşə yanğınları Azərbaycanda da baş verməyə başlayıb. "Kiçik bir ərazidir" düşünərək arxayınlaşmaq olarmı? Əsla yox! Meşə yanğınlarının baş verdiyi ərazilər göründüyü kimi, dağlıq ərazilərdir və burada əl əməyindən istifadə olunur. Yanğınların geniş vüsət almaması, təbiətə, ekologiyaya ciddi ziyan dəyməməsi üçün, nəinki yerli sakinlərin köməyindən, bütün yardım etməyə hazır olan insanların köməyindən də istifadə etmək lazımdır. Bununla bağlı əlaqədar qurumlar müraciət də etməlidir, yardım etməyə hazır olan könüllülər də yanğınla mübarizə tədbirlərinə qoşulmalıdır.   

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir. Bununla əlaqədar FHN də əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

***

Bəli, bu günlərdə hər birimiz diqqətli olmalıyıq. Flora və faunamızın məhv olmaması üçün daha çox diqqətli. Erməni vandalları onsuz da 30 il ərzində Azərbaycanın hektarlarla meşə zolağını, heyvanat aləmini məhv ediblər. Meşələrimizin yanaraq məhv olmasına imkan verməməliyik!

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN