Dünən paytaxtın Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.

  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadovun sözlərinə görə, hazırda təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparırlar: “Araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək".

Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan vurulması barədə də məlumat verilmişdi.
Vaqif Cavadov bildirmişdi ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.

Son günlər rayonlarda meşə, paytaxtın yaşıllıq ərazilərində baş verən yanğın hadisələri ilə bağlı xəbərlərə alışqan olduq.

Məsələn, Qəbələ rayonunun dağlıq ərazilərində baş verən yanğınlar da təkrarlanır. Bir kəndin ərazisindəki yanğın söndürülür, lakin bir gün keçmiş digər kəndin dağlıq ərazisində yanğın başlayır.  11 avqustda  Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğını 14 avqustda keçirildi. Cəmi bir gün sonra isə Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat yayıldı. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi əməliyyatını icra edir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir.

Bundan əvvəl də digər rayonlarımızın meşəlik ərazilərində yanğınlar baş vermişdi. İndi də Bakıda ikinci dəfədir ki, yaşıllıqlar yanır və yaxud yandırılır... Kimlər ciyərlərimizi yandırmaq istəyir - naməlumdur. Qəsdənmi törədilir, ehtiyatsızlıqdanmı, məsuliyyətsizlikdənmi,...  bunu aidiyyatı qurumlar araşdırır. Biz isə günahkarların tezliklə aşkarlanaraq cəzalandırılacaqlarına ümid edirik.

Yoxsa,  ciyərlərimiz hələ çox yanacaq...  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN