Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlıları ağırlaşdırılmış şəraitdə öz funksiyalarını yerinə yetirməkdə davam edirlər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, sülhməramlılar kontingenti mülki əhaliyə hər cür köməklik göstərir.

“Hazırda həkim dəstəsinin yerləşdiyi sülhməramlıların baza düşərgəsində 1049-u uşaq olmaqla 2261 mülki şəxs var”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Rusiya sülhməramlı kontingentinin komandanlığı Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri ilə sıx təmasdadır.

“Qan tökülməsinin qarşısının alınması, mülki şəxslərə münasibətdə humanitar qanunlara əməl olunması, habelə Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyinin təmin edilməsi müzakirə olunur”, - Müdafiə Nazirliyi vurğulayıb.

Daha əvvəl məlumat verilmişdi ki, Rusiya sülhməramlıları Qarabağın təhlükəli bölgələrindən 2 mindən çox insanı təxliyə edib. 30 müşahidə məntəqəsində vəziyyətin 24 saat monitorinqi aparılır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya tərəfi Ermənistan, Azərbaycan, eləcə də Dağlıq Qarabağdakı ermənilərlə əlaqələri davam etdirir. Kreml Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılığa gəlməyi gözlədiklərini də bildirib.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda antiterror tədbirlərinin keçirildiyini elan edib. Bakı izah edib ki, hadisələr “üçtərəfli bəyanatın müddəalarını təmin etmək və Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq üçün” həyata keçirilir. Azərbaycan həmçinin Ermənistan Silahlı Qüvvələrinin birləşmələrini tərksilah etmək və geri çəkmək və regionda konstitusiya quruluşunu bərpa etmək niyyətindədir. Nazirlik əhali və mülki infrastrukturun hədəf olmadığını vurğulayıb.

Həmin gün baş verən hadisələr fonunda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə brifinqdə bildirib ki, Moskva Dağlıq Qarabağda münaqişənin kəskin şəkildə gərginləşməsindən təşvişə düşüb. Öz növbəsində Kreml Bakı və İrəvanı Dağlıq Qarabağ üzrə əvvəllər yaradılmış üçtərəfli sazişlərə əməl etməyə çağırıb.

Sentyabrın 20-də Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və dərhal təhlükəsizlik razılaşmalarının icrasına qayıtmağa çağırıb.

Rusiya sülhməramlı kontingenti isə öz növbəsində regionda yerləşdiyi andan atəşkəs rejiminin qorunması və Azərbaycan və Ermənistan tərəfləri arasında təmasların təmin edilməsi vəzifələrini vicdanla yerinə yetirib. Sülhməramlılar yerlərdə humanitar vəziyyətlə bağlı səyləri əlaqələndirmiş, həmçinin Bakı ilə Stepanakert arasında birbaşa dialoqun başlanmasına töhfə vermişlər. Münaqişənin kəskinləşməsindən sonra bu günə qədər onlar mülki əhaliyə, o cümlədən tibbi yardım göstərir, həmçinin təxliyyə həyata keçirirlər, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Praqada keçirilən sammitdə müvafiq bəyanatla çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı şəxsən Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Sonra o bildirib ki, ölkə Qarabağ ərazisi ilə birlikdə ümumi sahəsi 86,6 min kvadratkilometr olan Azərbaycan Respublikasının suverenliyini tanıyır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN