Son vaxtlar təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlər artır.

Səhhətlərindəki narahatlıqla bağlı təcili yardıma müraciət edən vətəndaşlar gah onların ünvana gec gəlməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayətlənirlər. Dünən belə hadisələrdən biri də mənim öz başıma gəldi. Gecə saat hardasa 11-12 radələrində 82 yaşlı anam Elmira Bağırovanın vəziyyəti pişləşdi. Mütəmadi qaydada  qəbul etdiyi dərmanlardan verib kömək etməyə  çalışsam da  vəziyyəti düzəlmədi, getdikcə ağırlaşdı . Dərhal  təcili tibbi yardıma 103-ə zəng vurdum.  Xəttdə hardasa 20-30 dəqiqə gözlədikdən sonra cavab gəldi və xəstənin ad, familyası, çağırış olunan ünvanı, xəstənin vəziyyətilə bağlı ümumi  məlumatları verib anamın vəziyyətinin çox pis olduğunu,  tibbi yardımın tez gəlməsini xahiş etdim. Anamın vəziyyəti isə getdikcə pisləşirdi. Dəqiqələr, saatlar keçir, təcili yardım gəlmək bilmirdi ki, bilmirdi.  103 nömrəsinə təkrar-təkrar zəng vurub xəttdə gözləməkdən başqa çarəm qalmamışdı. Əsəbdən  öz təzyiqim də yüksəlmişdi.  Zəngləri qəbul edən xanım  keyfi istəyəndə dəstəyi götürüb  bir cavab verirdi:  “Çağırış çoxdu gözləyin”.

***

Nəhayət 2-30 radələrində təcili yardım gəlib çıxdı. Niyə gecikdiklərini soruşduqda isə təbii ki, 103-dəki xanımın verdiyi cavabı aldım. “Çağırış çoxdu”. Mən bir şeyi başa düşmədim, Bakı şəhərində neçə təcili yardım briqadası var, görəsən? Ölkəmizə bu qədər  təcili yardım maşınları gətirildiyi halda niyə istifadəyə verilmir? Yəqin ki, bu sual mənim kimi, belə hallarla qarşılaşan, hətta təcili yardımın xəstəsi öldükdən sonra  gəlib çıxması ilə barışmayan bir çox vətəndaşı da narahat edir.  Niyə bu qədər şikayətlərlə bağlı bir tədbir görülmür.  İnsan həyatı üçün ən mühüm amilin cansağlı olduğu halda, niyə onların  sağlamlığına bu qədər laqeyd yanaşılır. Axı elə vaxtlar olur ki, təcili yardıma müraciət edənlərin həyatda qalıb-qalmaması dəqiqələrlə, saniyələrlə ölçülür. Bəlkə də təcili yardımın 5 dəqiqə tez çatması onu ölümün pəncəsindən ala bilər. Məncə, bu problemin  kökündə başqa səbəblər dayanır.

 Dövlət başçımız dəfələrlə qeyd edir ki, mən hər bir vətəndaşın prezidentiyəm. Bəli, sözü imzası qədər dəyərli olan cənab Prezidentimizin sözü ilə əməli bir-birini tamamlayır. Hər dəfə hesabat xarakterli toplantılarda da məmurlara tapşırığı ilk növbədə vətəndaş məmnunluğunun təmin edilməsiylə bağlı olur.  İnsanların sağlamlığını daima ön planda görən dövlət başçımız bu mənada TƏBİB adlı qurumun yaradılması ilə bağlı Fərman imzalayıb. Etimad göstərib quruma rəhbər təyin edib. Bəs nəticə necə oldu? Yenə bu sahədə insanların narazılığı, şikayətlər…  Bu fikirləri ona görə tərəddüd etmədən yazıram ki, bir vətəndaş kimi özüm belə neqativ halların dəfələrlə  şahidi olmuşam. Belə məsələləri  bir çox mətbu orqanlar işıqlandırsalar da, amma problemlə bağlı xoşagəlməz hadisələr azalmır, əksinə artır. 

Sonda TƏBİB-ə bir sual ünvanlamaq istərdim: Bütün bu narazılıqların səbəbi nədir?

(lider-media.az)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN