Bu üç keyfiyyəti özündə cəmləşdirən dostum və həmkarım Faiq Balabəyli haqqında bir neçə cümlə yazmağı özümə borc bildim.

Faiq bəyi 1980-ci illərin sonlarından tanıyıram və elə tanışlığımızın ilk günlərindən bu xoş xasiyyətli, gülərüz insanla aramızda dostluq münasibəti yarandı.

Eyni şirkətdə işləsək də, başqa-başqa gəmilərdə çalışırdıq. Dənizçilərin əsasən görüşdükləri və ünsiyyət qurduqları yer isə çox zaman doğma liman olurdu. Bizlər də elə əsasən limanda həmsöhbət olurduq. Düzü, Faiq bəyin o vaxtlar yazdığı məqalələrdən və şerlərindən elə də xəbərdar deyildim. Amma bir çox xüsusiyyətləri, mütaliəli olması ilə dənizçi həmkarlarımızdan fərqləndiyini görürdüm. Bəzən ona “şair” deyə müraciət edən dənizçi həmkarlarımız da olurdu.

Bir dəfə Faiq bəy ilə yenə limanda görüşdük, hal-əhval tutduq.  O, söhbət əsnasında bildirdi ki, 1990-cı il qanlı Yanvar hadisələri ilə bağlı kitab dərc etdirəcək. Kitabda hamıya yaxşı bəlli olan XDND- dənizçilərinin tariximizin şanlı səhifəsinə çevrilmiş həmin qanlı-qadalı günlərdə etdikləri fədakarlıqlarından bəhs ediləcək. "Kəsilməyən həyəcan fiti" adlanacaq kitabda həmçinin Qarabağ uğrunda könüllü olaraq döyüşə getmiş dənizçilərimiz haqqında da məlumat veriləcək.

Beləliklə, 20Yanvar hadisələri zamanı dənizçilərimizin misilsiz qəhrəmanlığından, könüllü olaraq torpaqlarımızın azad olunması üçün döyüşə gedən şəhid dənizçilər və bizlər haqqında olan kitab araya-ərsəyə gəldi.

Faiq bəyə sözün həqiqi mənasında hər yerdə adı və sözü olan dənizçi demək olar. Həm öz əsas işində, yəni bir gəmi kapitanı kimi, həm da öz yaradıcılığında seçilir və böyük hörmət sahibidir. Onun yaradıcılığını diqqətlə izləyirəm, şeirlərini oxuyuram. Demək olar ki, Faiq bəyin bütün kitabları mənə də təqdim olunub və buna görə ona sonsuz təşəkkürümü bildirirəm.

Bu il 60-illik yubileyini Azərbaycan Yazıçılar Birliyində keçirərkən məni də dəvət etmişdi. Böyük məmnuniyyətlə iştirak etdim, öz xoş arzularımı çatdırdım. Qeyd etmək yerinə düşər ki, çox maraqlı bir tədbir və yadda qalan çıxışlar oldu.

Çox uzaq keçmişdə olmayan və Faiq bəy tərəfindən yaradılan, özünün də təsisçisi olduğu "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi də az iş görmür. O, fədakar dənizçilərimizi ictimaiyyətə tanıtdırmaqla bərabər, onların sosial problemlərini ictimailəşdirir, ianə tədbirləri keçirir, müxtəlif layihələri gerçəkləşdirir və bununla da dənizçi həmkarlarından dəstəyini əsirgəmir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı döyüşən əsgərlərimizə həm mənəvi dəstək, həm də əsasən xarici sularda üzən dənizçilərimizə müraciət edərək döyüşən əsgərlərə sovqatlar, əsgərələrə yazılan məktəbli məktublarını apararaq onların yanlarında olmuşdur.

Faiq bəy ilə biz həmyaşıdıq və o da mənim kimi ömrünün çox hissəsini dənizə həsr edib. Onun dənizçilər haqında yazdığı bu misralar onun və biz dənizçilərin haqqında hər şeyi deyir.

DƏNİZÇİNİN YUXUSUNA

Torpaq ətri girər hər gün.

Yanıb sönən mayaklarda

Ümüd adlı bir

Közərti görür hər gün.

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

dənizçiyə ad qoyarlar

su dəlisi.

Faiq bəyin övladı Tural bəy də bu gün dənizçilər sırasındadır və ara-sıra ondan da şeirlər oxuyuruq. İki şeirlər kitabının müəllifidir. Belə çıxır ki, sənət hər iki sahədə möhkəm əllərdədir və Tural bəy hər iki sahədə atasının layiqli davamçısı olacaq.

Beləliklə, mən Faiq bəyə arxada qoyduğu illərin üstünə daha çox illər əlavə etməyi arzu edirəm. Bir dənizçi kimi təlatümsüz dəniz və bir yaradıcı insan kimi bol-bol yaradıcılıq uğurları arzulayıram.

Həmişə dediyim kimi, var ol, şair.

Ramiz Hüseynov,

uzaq səfərlər kapitanı, veteran döyüşçü

ramiz-hhhhuse

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN