Şapur Qasimi, politoloq

(Türkün məsələlərindən)

“Təzadlar” qəzetinin 07.12.2021-ci il tarixli sayında ANS telekanalının sahibi Vahid Mustafayevin oxucuya təqdim etdiyi - “Qullar daim yalan danışır, həqiqəti isə yalnız azad insan deyə bilər” - adlı məqaləsi müxtəlif məşhurlardan gətirilən sitatlar baxımından bu kiçik yazı üçün yetərincə zəngin olsa da, bu sitatların müəllifin ifadə etmək istədiyi məsələlərə tətbiqi çox təzadlı izahatlarla müşayiət edilir.

Fransa intibah dövrünün yazıçısı və filosofu Mişel de Montendən gətirib yazının başlığına çıxarılan sitat heç də mütləq, birmənalı həqiqət deyil. Çünki istər tarixdə, istərsə də günümüzdə istər inzibati, istərsə də mənəvi cəhətdən qul olan insanların DAİM yalan danışdığı iddiası heç də həqiqət deyil. İstər azad, istərsə də qul olan insanların müxtəlif situasiyalarda həqiqət və yalan danışdıqları barədə istənilən qədər faktlar mövcuddur. Yəni, insanın həqiqət və yalan söyləməsinin səbəbi birmənalı olaraq heç də onun qul və ya azad insan olması ilə şərtlənmir. Bunun çox, həm də müxtəlif səbəbləri var, maraqları, məqsədi, təhlükəsizliyi və s.

Yazıda müəllif iki nəfər, gənclər və idman nazirinin keçmiş müavini İsmayıl İsmayılov və onun yerinə təyin edilən Marina Vasilyeva haqqında öz fikrini bildirir.

V.Mustafayev İ.İsmayılovun dediyi, - “Buna baxmayaraq, ömrümün sonuna kimi Prezidentimizin qulu olaraq qalacağam! Mən dövlət başçısının naminə hər şeyə hazıram!” - sözlərinə “Hərbi Kommunizm”, “Yeni İqtisadi  Siyasət” nəzəriyyələri əsasında dünya tarixində 74 il ərzində ən çox, milyardlarla insanı həm inzibati, həm mənəvi cəhətdən qula, nökərə çevirmiş nəzəriyyənin müəllifi, Dövlət quldarlığı və Dövlət Feodalizmi quruluşu olan dövlətin baş memarı və xaç atası V.İ.Lenindən gətirdiyi - “Öz azadlığını tapdalayan və öz köləliyinə bəraət qazandıran bir qul, haqlı olaraq qəzəb və nifrət hissi doğuran rəzil və bədbəxtdir” - sitatına istinad edərək İ.İsmayılovu imperiyanın köləliyindən, torpaqlarımızı işğaldan azad etmiş şəhidlərimizin bizi öz qanları hesabına kiməsə qul və ya nökər olmağımız üçün deyil, Canlı və Azad olmağımız xatirinə azad etdiyini yazxır. Eləcə də qeyd edir ki, sivil şərqdə ilk demokratik ölkənin prezidenti olan, dünyanın 4 vacib dilində sərbəst danışan, müasir texnologiyalara arxalanıb Azərbaycan torpaqlarını azad edən və bununla xalqı əsarətdən xilas edən İlham Əliyevə qul və ya kölə lazım olmadığını, bu ifadə ilə İ.İsmayılovun prezidenti demokratik dünya xalqları qarşısında rüsvay etməkdə günahlandırır.

Qeyd edim ki, Şərqdə ilk demokratik respublika-  Azərbaycan Demokratik Respublikası hələ 1918-ci ildə qurulub, xalq da əsarətdən 1991-ci ildə qurtulub. Şəhidlər də vətən torpaqlarını azad edərkən heç birimizə ŞƏRT irəli sürməyib. Onların yeganə məqsədi vətən torağını düşmən tapdağından xilas etmək olub. 1991-ci ildə xalq əsarətdən qurtulanda İ.Əliyev özünün açıq etiraf etdiyi kimi, Moskvada fəaliyyət göstərirdi.  İ.Əliyev tarixə Qarabağı azad edən prezident olaraq düşüb və bu onun halal haqqıdır. Lakin onun dünyanın 4 vacib dilində danışmasının buna bir dəxli yoxdur. Tarixin əksər fatehləri ancaq bir doğma dilini bilib.

Müasir texnologiya məsələsinə gəldikdə də hələ dünya tarixində dövrünün müasir texnika, texnologiya, hərbi strategiya, taktika və s. malik olmadan hərb meydanında döyüşü udmağın bir nümunəsi belə olmayıb. Rabitə texnologiyalarının bu günkü səviyyəsində bütün dövlətlər, insanlar harada nəyin necə olduğunu çox yaxşı bilir.

***

V.Mustafayev sonra İ.İsmayılovla bağlı fikirlərini davam etdirərək “...qul olmaq arzusu ilə yaşayan və taleyin fırıldağı nəticəsində ağa olmuş bu insanın bu cür ifadə ilə milləti digər demokratik toplumlar qarşısında alçatdığının səbəbini bilmədiyini...” desə də polşalı şair Stanislav Eji Letsin, - “Qulların bir arzusu var - özlərinə ağa ala biləcəyi bir bazar tapmaq” - ifadəsi ilə bu sualı cavablandırır. Daha sonra o hamını İ.İsmayılovu qınaq obyektinə çevirməyə çağırır, “aramızda biganə insanlar var” deyərək Lev Tolstoyun, - “Laqeydlərdən qorxun, çünki yer üzündə bütün cinayətlər onların gizli razılığı ilə baş verir” - deyimi ilə cəmiyyətdə bu işə səfərbərlik elan edir.

L.Tolstoydan gətirilən sitata gəldikdə isə, deyim ki, İ.İsmayılovun da nə vaxtsa nazir müavini təyin edilməsində İ.Əliyevin razılığı mütləq olub. O bu vəzifəyə təyin ediləndə xalq ayağa durub nümayiş və ya İ.Əliyevə qarşı üsyan etməli idimi və bunu hansı əsasla etməli idi və ya etməlidirmi? Hər bir insanın anadangəlmə cinayət törətmək poetensialı-alın yazısı var. Bu, konkret ictimai mühitdir. Məlumdur ki, dövlətin bəzi strukturları yarandığı gündən insanlara qarşı inzibati yolla zor tətbiqi mexanizmi və dövlətin quruluşunun məzmunundan asılı olaraq bu cəmiyyətdə baş verən cinayətlərin əsas istehsalçısıdır. Bütün dünyada, hətta bəhbəhlə təriflənən Avropa dövlətlərində də bu belədir. İnsanların əksəriyyətini də cinayətkar olmağa vadar edən səbəb vətəndaşarın “Novruzəli” olmasında yox, dövlət sisteminin öz məzmun və mahiyyətində gizlənir.

İlk baxışda yazıda qeyri-adilik hiss olunmur. İlk nəzərə çarpan hal gətirilən sitatların yazının məzmununa uyğun gəlməməsidir. Məsələyə yanaşmada subyektivlik özünü hadisənin məzmunu ilə onların izahının və yekunlarının əlaqəsizliyində aşkar biruzə verir. Azərbaycanda bu günədək dövlət yetkililərinin, vəzifə sahiblərinin etdikləri böyük kriminal, iqtisadi, vəzifə və s. cinayətləri ilə müqayisədə İ.İsmayılovun hələ məlum olmayan, edə biləcəyi hər hansı bir cinayət fil ilə qarışqa nisbətindədir. Qəribədir ki, V.Mustafayev sübuta yetirilib, məhkəmə qərarı ilə rəsmi, qanuni cəzalandırılmış və mətbuatda faktlarla geniş işıqlandırılıb, lakin hələ rəsmən sübut edilməmiş çox böyük cinayətlərə heç vaxt heç bir reaksiya verməyib. Həm də İ.İsmayılovun dediyi sözlər nə dünya tarixində, nə də Azərbaycanın son 30 illik yaxın tarixində ilk nümunə deyil. Hələ H.Əliyevin səhhəti ilk dəfə pisləşməyə başlayanda adını unutduğum bir məmur mətbuatda H.Əliyevə öz ürəyini ona verərək həyatını xilas etməyə hazır olduğunu elan etdikdən bir qədər sonra həmin məmur etdiyi vəzifə cinayətlərinə görə 13 il azadlıqdan məhrum ediləndə bu “məhəbbətin” səbəbi məlum oldu. O zaman ANS kimi telekanala başçılıq edən V.Mustafayev nəinki bu faktın, eləcə də digər məmurların iri miqyaslı cinayətlərinin və yaltaqlığının milləti, dövlət başçısını bütün dünyada biabır etməsinə susurdu.

***

...Qul və kölə eyni anlayışın müxtəlif ifadələridir. Eyni mənalı iki sözü təkrar etməklə V.Mustafayev nökər sözünü arxa planda saxlayır. Bu da onunla bağlıdır ki, ANS telekanalı həmin prezident İlham Əliyevin göstərişi ilə bağlandıqdan sonra V.Mustafayev özünün prezidentə müraciətlə dediyi, - “Biz sizi padşah kimi qəbul edirik, siz də öz nökərlərinizə qarşı mərhəmətli olun!”, sözlərini unutmayıb. İ.İsmayılov özünü kiminsə qulu, nökəri hesab edə bilər. O insan, vətəndaş kimi bu hüquqa malikdir və bu hüququndan da istifadə edib. Bunun nə şəhidlərin xatirəsinə, nə də prezidentin imicinə heç bir dəxli yoxdur.

V.Mustafayevin isə nə ANS kanalının əməkdaşlarının, nə də ümumilikdə millətin həyatının, hüquqlarının üzərində heç bir hüququ olmadığı halda, özü ilə bərabər başqalarını da nökər elan etməsi həm hüquqi, həm də mənəvi baxımdan milləti də, prezidenti də birbaşa başqa millətlərin qarşısında pis vəziffətə salan faktdır.

Bu baxımdan adını unutduğum 13 il azadlıqdan məhrum edilən həmin məmur, eləcə də vəzifədən kənarlaşdırılan İ.İsmayılov, telestudiyası bağlanan V.Mustafayev və çoxlu sayda keçmiş vəzifə sahiblərinin hamısı Stanislav Eji Letsin dediyi kimi, “özlərinə ağa ala biləcək bir bazar tapmaq” istəyində olanlardır və məqalənin hər abzası bunu sübut edir.

V.Mustafayev P.S. işarəsi ilə başqa bir məsələyə də, yeni nazir müavini Marina Vasilyevanın YouTube-da yayımlanan rəqsetmə səhnəsinə də mənfi münasibət bəsləyənləri “İllərlə qul olmaq istəyən məmuru normal qarşılayan” insanlar olduğundan narahılığını, Marinanın ifa etdiyi rəqsin “Vağzalı” olmadığını, “torpaqlarımızı qılınc və nizə ilə azad etmədiyimizi” deyərək “Vağzalı” rəqsini geri qalmışlıq əlaməti kimi dəyərləndirir... Və “Müasirləşin, cənab Novruzəli, müasirləşin” deyə bütün millətə müraciət edir. Sonra Marinanın rəqsində Şəxsən, heç bir qəbahət görmədiyini, Marinanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi rəhbərinin müavini yox, İdman və Gənclər nazirinin müavini vəzifəsinə təyin edildiyini, bu vəzifədə olan adamın çılğın, yaşamağı, idmanı və rəqs etməyi sevən adam olmalı olduğunu bildirdikdən sonra, yenə də, - “Təsəvvür edə bilmərəm ki, İsmayıl İsmayılov bu cür plastik rəqs edə bilsin”, - deməklə ürəyini soyutmaq üçün İsmayılova “cinayət məcəlləsinin № sayla maddəsinin ən ağır bəndi ilə, plastik rəqs edə bilməmək üzrə “cinayət işi” açır.

Azərbaycanın rəqs musiqisində min illərlə formalaşıb qadın və ya kişi olmasından asılı olmayaraq rəqs edənin vüqarına, əzəmətinə, qüruruna xələl gətirməyən plastikliyi də, elastikliyi də görmək istəyirsənsə, telearxivlərdən Əminə Dilbazinin, Roza Cəlilovanın, “Çinar” qızlar rəqs qrupunun və s. rəqs ifalarına baxmaq lazımdır. Bəlkə onda bizim milli rəqs musiqimizin plastikasının da, elastikasının da möhtəşəmliyini dərk edə bilərik... Marinanın rəqsindəki plastikanın eybəcərliyi isə, bizə nəinki yad, hətta vəhşi görünən təxminən çılpaq halda vücudunu silkələyən zənci rəqsində belə yoxdar. Çünki o rəqqas bütün rəqs boyu öz vüqarını və əzəmətini itirmir. Mən bunun daha dərin və xırda təfərrüatını da göstərə bilmərəm. Lakin bunlar mətbuat mövzusu deyil.

Cənablar! Birincisi, plastik rəqs etmək, yaşamağı bacarmaq, çılğınlıq, idmanı sevmək insanın inzibati və mənəvi cəhətdən azad olmasını sübut edən, buna dəlalət edən amil deyil! İkincisi, Afrika zəncirlərinin və ya cəngəlliklərdə bu gün də ibtidai icma həyat tərzi keçirib elə o səviyyədə də musiqi və s. mədəniyyətinə malik olan insanları təqlid edərək heç bir məna verməyən musiqiyə uyğun eybəcər hərəkətlərlə rəqs etmək müasirlik nişanəsi deyil. Türkün, o cümlədən Azərbaycan türklərinin yaşı minilliklərlə hesablanan, heç vaxt köhnəlməyəcək muğamlarının, “Vağzalı”, digər ölməz musiqi və mədəniyyət nümunələrini geriyə qalmışlığın nümunəsi, dünya millətləri içərisində ən yüksək səviyyəli fəlsəfi düşüncə, mədəniyyət, zəka sahiblərindən ibarət nəhəng bir orduya malik olan bu milləti “Poçt qutusunun” Novruzəlisi ilə eyniləşdirməyin mənası nə??? Mən eybəcər hərəkət və ya yad musiqi dedikdə onu yaradan millətləri aşağılamaq fikrində deyiləm. Hər bir millətin adət-ənənələri, mədəniyyətinin növləri, fəlsəfi və mənəvi dəyərləri onların yaşadığı təbiətin coğrafi, ictimai-iqtisadi quruluşundan, həyat tərzindən, dilinin məzmunundan və s. amillərdən asılı olaraq yaranır, həyat inkişaf etdikcə bu inkişafın məzmun və səviyyəsinə uyğun olaraq dəyişir, çərçivələnir. Məsələn, milli musiqimizin tükənməyən dəryası olub hiss, həyəcanlarımızı özündə ifadə edən muğamatımız zəncilərin öz “muğamatı” olub, onların hiss və həyacanlarını ifadə edən caz kimi ifadə edə bilməz. Bu baxımdan muğamat onlara, caz isə bizlərə bir səs yığını təsiri bağışlayır və heç bir tərəf onu özününkü olaraq qəbul edə bilmir. Bu tərəflərin “Novruzəli” olması olmayıb, bu təbii bir haldır. Sənin Novruzəli adlandırdıqlarının Qərb və Şərq musiqisini, Qərbin klassik musiqisi ilə Azərbaycanın klassik musiqisi olan muğamın sintezinin nəticəsi olaraq qərb musiqi janrı olan və bütün dünyanı heyran qoyan operalar yaratdıqlarını və bu operaları hər iki tərəfin öz doğma musiqisi kimi qəbul etdiyinin səbəbini bilirsinizmi? Yəqin bilsəydilər ki, Marinanın bu nə Qərb, nə də Şərq, xüsusilə Azərbaycan milli musiqi və rəqs anlayışlarının çərçivəsinə, məzmun və formasına uyğun gəlməyən “plastik” rəqsinə görə ona mənfi münasibət sərgiləyən bu milləti “Novruzəli” deyərək təhqir etməzdilər. Mən Novruzəli adlandırdıqlarının heyranlıqla aşağıdan-yuxarıya baxdıqlarından şüur, düşüncə mənəvi keyfiyyət etibarilə qat-qat yüksəkdə durduğunu sübut edən istənilən qədər faktlar sadalaya bilərəm. Lakin bunlar kiminsə şüur səviyyənin çərçivəsinə sığmayacağına görə bunu zəruri hesab etmirəm. Bəzilərinin inkişaf etmiş saydığı hansı millətin nümayəndələri iki yad mədəniyyət nümunəsini hər iki tərəf üçün doğma sayılacaq bir mədəniyyət növünə, nümunəsinə çevirə bilib? Lakin aramızda bu sahənin bir dahisi tanınıb, muğam ilə cazın sintezindən yeni bir gözəl musiqi növü yaradan Vaqif Mustafazadənin uzun illər təqib olunması, çox radikal yeniliklərin cəmiyyət üzvləri tərəfindən dərk edilməyərək və ya mövcud anlayış, çərçivələrə uyğun olmadığından cəmiyyətdə qəbul edilməməsi də həyatda adi bir qanunauyğunluqdur. Xüsusilə ona görə ki, onun nümayiş etdirdiyi rəqs heç bir millətin, rəqs anlayışının məzmun və çərçivəsinə, nə novatorluq standartları çərçivəsinə də uyğun deyil, mağar toylarının lül-qənbər rəqqaslarının eynidir. Təkcə elektron KİV-ndə hərdən kəndlərdə mağar toylarında bir litr arağ “vurub” Marinanın nümayiş etdirdiyi “plastik” rəqsi, hətta onun “elastik” variantlarını da nümayiş etdirdikləri epizodları göstərirlər. Marina Vasilyeva da Azərbaycan cəmiyyətində mövcud olan mənəvi dəyərlərin məzmun və çərçivəsinə uyğunlaşana qədər cəmiyyət üzvlərinin onun hərəkətlərinə, davranışına belə münasibəti heç bir müzakirəyə ehtiyacı olmayan adi reallıqdır. Tutduğu vəzifənin ranqından asılı olmayaraq hər bir insanın davranışı mövcud mənəvi dəyərlərə, əxlaq kodeksinə uğun gədmədikdə ona mənfi münasibət sərgilənməsi təbiidir. Marina Vasilyevanın bir peşəkar kimi yararlı olub-olmadığına gəlincə isə çılğınlıq, rəqs etmə qabiliyyti və s. heç nəyi həll etmir. Onun peşəkar kimi məhsuldar fəaliyyəti üçün tələb olunan fərdi keyfiyyətləri əsasən idman sahəsindəki biliyinin, öz peşəsinə vurğunluğu, nailiyyətlər əldə etmək üçün möhkəm iradəsinin və s. təşkil edir.

***

Mən məsələnin çox da dərinliklərinə getmək də istəmirəm. Nə V.Mustafayevi, İ.İsmayılovu, nə də M.Vasilyevanı şəxsən tanımıram, kiməsə vəkillik etmək fikrim də yoxdur. Məlumdur ki, mətbuatın bütün növləri cəmiyyətin ağrılı-acılı problemlərinin aradan qaldırılması yönündə fikir mübadiləsi, cəmiyyətin mütləq bilməli gizlinləri, zəruri və səmərəli yenilikləri ictimailəşdirilməsinə, təbliğ və təşkilinə ən yaxşı vasitədir. Bu vasitələrdən süni, saxta, səviyyəsiz, şəxsiqərəzlik mövqeyi vasitəsilə özünə ağa almaq bazarı axtarılması isə ikrah hissi doğurur.

P.S. Marina Vasilyevanın isə təbii ki, sistemə gücü çata bilməz. Ya o İ.İsmayılovu sözün hərfi mənasında əvəz etməli, ya da Lalə-Şövkət Hacıyeva kimi istefa verməli olacağı labüddür. Çünki, İ.Əliyev prezident seçilərkən jurnalistin, - “Cənab prezident hansısa sistem dəyişikliyi gözlənilirmi?” - sualına qəti və konkret cavab verdi ki, - “Oyun qaydaları dəyişməyəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN