Azərbaycanda on minlərlə insan “Azərsığorta” Şirkətinin qurduğu piramida tipli “loxotron” sisteminin qurbanına çevrilib...

“Təzadlar” qəzeti redaksiyasına daxil olmuş və Prezident İlham Əliyevə ünvanlı müraciəti aşağıda təqdim edirik:

Çox hörmətli cənab Prezident!

Hörmətli redaksiya!

Sizi “Azərsığorta” Kommersiya Şirkətinin soyğunçu əməlləri barədə məlumatlandırmağı özümüzə borc bildik və tədbir görülməsini istəyirik. Bu şirkət uzun illərdir ki, “loxotron” sistemi yaradaraq əhalini çapıb-talayır. Hər il xalqdan 100 milyonlarla pul yığır, amma sığorta ödəmək vaxtı gələndə müxtəlif bəhanələrlə və bıabırçı üsullarla pul ödəməkdən imtina edir, nəticədə insanlar fəlakət və müsibətlə üz-üzə qalırlar. Biz bir qrup şikayətçi dövlət başçımız İlham Əliyevə məktub yazıb xahiş etmişik ki, “Azərsığorta” kimi   şirkətlər Azərbaycanda qadağan olunsun, onların cinayətkar əməlləri hüquq müstəvisində araşdırılsın.

Qeyd edirik ki, Azərbaycanda on minlərlə insan “Azərsığorta” Şirkətinin qurduğu piramida tipli “loxotron” sisteminin qurbanına çevrilib. “Azərsığorta” Azərbaycan vətəndaşlarının maşınlarını, əmlaklarını sığorta edir, o cümlədən müharibə veteranlarının sığortalanmasını da öz cənginə keçirdib. Hansı ağılla bu cür şirkətə müharibə veteranlarının sığortalanmasını etibar etmək olar? Adam vətən uğrunda canını qoyaraq minaya düşür, amma gəlir Bakıya, Bakıda “Azərsoğorta” onu təzədən tələyə-”mina”ya salır, həyatını puç edir. Fikir versəz görərsiz ki, Azərbaycanda minlərlə adam “Azərsığorta” şirkətinin qapıları önündə sürünür, yalvarır, imdad istəyir, lakin “Azərsığorta” şirkəti onların birinə də olsun real kömək etmir. “Azərsığorta”nın xalqa köməyi yalnız kağız üzərindədir, onun özünə qurduğu bahalı reklam kampaniyalarındadır. Reallıqda isə “Azərsığorta” xalqın qanını içən cinayətkar yuvasıdır. Dövlətimiz bu cinayətkar yuvası haqqında tədbir görməlidir. Bu xalqın tələbidir, hüquqları pozulmuş, aldadılmış, ələ salınmış müharibə veteranlarının istəyidir.

“Elman Rüstəmovun Mərkəzi Bankı “Azərsığorta”nı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə, veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın...”

Bu gün Azərbaycanda böyük bir veteranlar ordusu “Azərsığorta” Şirkətinin Departament direktoru Xəyyam Hətəmovla müharibə vəziyyətindədirlər. Veteranlar bu barədə dəfələrlə Mərkəzi Banka şikayətlər ediblər, lakin nədənsə Mərkəzi Bank veteranlara kömək etmək, dəstək vermək əvəzinə Xəyyam Hətəmovu dəstəkləyir, onun dediklərinə dəstək verir. Elman Rüstəmovun Mərkəzi Bankı “Azərsığorta”nı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə, veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın, sizin problemlər bizlik deyil. Mərkəzi Bankı Xəyyam Hətəmovla nə bağlayır? Nəyə görə Mərkəzi Bank Xəyyam Hətəmovdan qorxur? Mərkəzi Banka vətən üçün canını qoymuş, əlil və yarımçılıq olmuş hərbçilər vacibdir, yoxsa adi bir “loxotron” şirkətinin rəhbəri?

***

“Azərsığorta” şirkəti Azərbaycanda elə oyunlar çıxarıb ki, bu oyunlar MDB ölkələrinin heç birində çıxarılmayıb. Azərbaycan xalqını aldadıb o qədər pullar yığıblar ki, başqa heç bir respublikada belə soyğunçuluqlar törədilməyib. Törədə də bilməzdilər. Görünür Azərbaycan xalqını zəif görüblər, ona görə də xalqı aldadaraq milyonlara sahibləniblər. O qədər harınlaşıblar ki, veteranlarımızı da saymırlar, onları insan yerinə qoymurlar. Bu gün “Azərsığorta” xalqdan milyonlarla pul topladığı halda, xalqın adi veteranları belə onun qapısında əl açıb dilənir, öz halal haqqı olan sığorta pulunu istəsə də, veteranları rədd edib dövlətdən narazı salırlar.

Məcbur olub Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirik:

Cənab Prezident! Biz bu gün sizə hüquqları pozulmuş şəxslər kimi müraciət edirik. Neçə müddətdir halal haqqımız olan sığorta pulunu “Azərsığorta”dan ala bilmirik. Ona görə də bəzi məsələlərə aydınlıq gətirmək istəyirik.

“Azərsığorta”nın bu gün əsas önəm verdiyi qanunsuz və tələ sxemlərindən biri “Forma 4” deyilən sənəddir. “Azərsığorta” vətəndaşlara pulu həmin sənədin hesabına buraxır. “Forma 4”də avtoqəza baş verən zaman yaranmış situasiya göstərilir. Lakin “Azərsığorta” şirkətinin Departament direktoru Xəyyam Hətəmov “Forma 4”ə baxıb pulu ödəmək əvəzinə, ürəyi istədiyi vaxt həmin sənədi qəbul edir, ürəyi istədiyi vaxt isə qəbul etmir. Bu adam o qədər özünə arxayındır ki, ürəyi istədiyi vaxt Forma 4 sənədini ləğv edir. Bu səlahiyyəti ona kim verib?

 

Əsas məqsəd də odur ki, əhaliyə daha az sığorta pul ödənsin, yığılmış pullar isə “Azərsığorta”nın “daxili xərclərinə” xərclənsin.

Hər il “Azərsığorta” tərəfindən əhalidən 100 milyonlarla sığorta pulu yığılır. Müvafiq dövlət orqanları, hüquq mühafizə orqanları bu pulun taleyi ilə maraqlanmalıdır. Bu pullar necə olur, hara yoxa çıxır? Axı “Azərsığorta” Şirkəti həmin pulun heç cüzi hissəsini belə avtoqəzada xəsarət alanlara ödəmir! Əvəzində isə Xəyyam Hətəmov kimi direktorların xarici ölkələrdə, Antalyada, Almaniyada aldığı mülklərin sayı get-gedə artır. Faktiki olaraq Xəyyam Hətəmov Azərbaycan veteranlarının pulu ilə xaricdə özünə mülklər alır. Bu açıq-aşkar təxribatdır, belə ki, veteranlarda dövlətə qarşı böyük narazılıq yaradır. Mən sizə telefon danışığımızı təqdim edirəm. Telefon danışıqlarında Mərkəzi Bankın nümayəndəsi bildirir ki, sizə o pul düşür və ödəniləcək. Lakin Xəyyam Hətəmov hegemonluğunu işə salaraq pulu ödəməkdən imtina edir.

Biz bu gün Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən xahiş edirik ki, “Azərsığorta” Şirkətinin Forma 4 sənədləri, eləcə də digər mühasibat sənədləri köklü şəkildə yoxlanılsın. Xəyyam Hətəmov Azərbaycan qanunverciliyini plastilin şəklinə salıb, ona istədiyi formanı verə bilir. Şikayətlərimizi Mərkəzi Banka edirik, ordan isə bizə bildirirlər ki, biz Xəyyam Hətəmovla bacarmırıq, gedin onu məhkəməyə verin, işinizi məhkəmədə həll edin.

Biz sizə 3 fərqli situasiya ilə əlaqədar Forma 4 təqdim edirik ki, görün bu Forma 4-lərə müxtəlif yanaşmalar hansı Azərbaycan qanunvericiliyinə sığar? Onda görəcəksiniz ki, Xəyyam Hətəmovun əməlləri necə əndirəbadidir! O prokurorluq işçilərini də aldararaq öz işlərini həyata keçirməyə müvəffəq olar.

Fikir verin, 3 dəfə avtoqəza baş vermişdir, Xəyyam Hətəmov hər dəfə Forma-4 məsələlərinə müxtəlif formada yanaşmışdır. Birində demişdir ki, hökmən Forma-4 lazımdır, pulu buraxmamışdır, o biri hadisədə Forma-4 olduğu halda pulu ödəməkdən imtina etmişdir, üçüncü hadisədə isə pulu saxta forma 4 əsasında buraxmışdır!

1-ci hadisə. 23.11.2013-cü ildə 90-JP-017 dövlət nömrə nişanlı avtomobilin piyadanı vurması nəticəsində baş vermiş qəzaya görə sığorta pulu ödəməkdən imtina edir, deyir ki, hökmən Forma-4 lazımdır.

2-ci hadisə. 08.04.2014-cü ildə 50-AE-109 dövlət qeydiyyat nişanlı avtobusla 90-CH-537 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. 2 adam ölmüşdür, 18 nəfər xəsarət almışdır. Həmin hadisədə avtobusda biz müharibə qaziləri Məmmədov Samir Ağəmməd oğlu və digər qazilər da olmuşuq, xəsarətlər almışıq. “Azərsığorta”ya Forma-4 təqdim olunsa da, Xəyyam Hətəmov həmin sənədi tanımaqdan imtina edir və sığorta pulunu ödəmək istəmir. 1-ci hadisədən fərqli olaraq deyir ki, pulun buraxılması üçün Forma-4 əsas deyil.

3-cü hadisə. 31.08.2012-ci ildə 10-TF-428 dövlət qeydiyyat nişanlı avtobusla qatar toqquşmuşdur. Bu hadisəyə görə 50 min manata yaxın pul ödənilmişdir. Halbuki bu işin içindəki Forma-4 saxtadır. Forma 4-ü qanunla DİN verməli idi, həmin işdə isə aidiyyatı olmayan başqa orqan vermişdir. Xəyyam Hətəmovun bu cür oyunları çoxdur.

***

İndi biz müharibə veteranları narahat və çarəsiz  qalmışıq. Bilmirik Xəyyam Hətəmova Forma-4 verək, ya verməyək, yoxsa saxta Forma-4 düzəldib verək ki, 3-cü işdəki kimi bizə yetərincə pul buraxsın?

“Azərsığorta” şirkətinin bu cür saxtakar işləri yetərincədir. Dövlət orqanlarından xahiş etmişik ki, ən aşağısı bu 3 işin içindəki Forma 4-ləri yoxlasın, onların bir-birindən necə fərqlənməsinə baxsın. Ən əsası da 3-cü işdə saxta Forma 4-lə pul buraxılmasına hüquqi müstəvidə qiymət versin.

Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən, İnvestisiya Holdinqindən xahiş etmişik ki, Xəyyam Hətəmovun bu qanunsuzluqlarını diiqqətlə araşdırsınlar.

Alı Vüsal,

şikayətçi

Redaksiyadan: Yazı çapa verilərkən şikayətçi Alı Vüsalla yenidən əlaqə saxladıq. O, şikayətini bir daha təsdiqlədi və bu barədə digər şikayətçilərlə bərabər geniş video-müsahibə verməyə hazır olduğunu bildirdi... 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN