“Mən özüm YAP-nın üzvüyəm. Lakin mənə qarşı belə bir süründürməçiliyə nə ad vermək olar?”

Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 34, mənzil 35-də yaşayan, “Azərbaycan Siyasi Repressiya Qurbanları” Assosiasiyasının üzvü Hüseynov Məmməd İsa oğlu “Təzadlar” qəzetinə müraciət edib. O, başına gətirilən müsibətlərdən bəhs edir. M.Hüseynovun məktub-müraciətini olduğu kimi təqdim edirik:

-Hörmətli “Təzadlar” qəzetinin rəhbərliyi! Mənim atam Hüseynov İsa Məmməd oğlu Ermənistan SSR-nin Qarakilsə şəhərində (ermənilər şəhərin adını 1945-ci ildə Kirovakan adlandırılmışlar) Xalq Komissarları İdarəsində müfəttiş işləyərkən 19 mart 1941-ci ildə “xalq düşməni” elan edilərək həbs edilmişdir. 12 aprel 1962-ci ildə Ermənistan SSR-nin Ali Məhkəməsi işə yenidən baxmış, atamın təqsirsiz olduğunu qeyd etmiş və ona bəraət vermişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinə görə, siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyasının sığorta hissəsinə 10 % artım hesablanır. Yuxarıda qeyd edilənə əsaslanaraq mən “Azərbaycan Siyasi Repressiya Qurbanları” Assosiasiyasının 11 iyul 2018-ci ildə verdiyi arayışla Nərimanov rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Orada mənə bildirdilər ki, Baş Prokurorluqdan arayış gətirməlisiniz.

Mən 01.08.2018-ci ildə Respublikanın Baş Prokurorluğuna müraciət etdim. 17.09.2018-ci ildə Baş Prokurorluqdan göndərilən cavabda yazılmışdır ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktublara əsasən atanız Hüseynov İsa Məmməd oğlu barəsində arxiv materialları aşkar olunmamışdır”.

Məcbur olub Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etdim. Arxivdən mənə verilmiş 11 avqust 2020-ci il, H-137-/ax saylı arayış ilə təsdiq edilmişdir ki, Hüseynov İsa Məhəmməd oğlu 28 yanvar 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur və s. Yəni, düzə zaval yoxdur. Baş Prokurorluq tərəfindən 17.07.2018-ci ildə verilmiş 081611 saylı məktub həqiqəti inkar edir və yalanı həqiqət kimi göstərir.

Baş Prokurorluqdan yazılan məktubu necə doğrultmaq istədiyinə görə mənim müraciətimə 10 sentyabr 2020-ci il tarixli və 10 mart 2021-ci il tarixli məktublarıma bu günə qədər cavab verilməmişdir.

Nəhayət, uzun yazışmalardan sonra Baş Prokurorluqdan mənə Saleh Hacıyevlə əlaqə saxlamağı dedilər. Mən Saleh Hacıyevin 051 755 ..... saylı telefonu ilə danışdım. Saleh Hacıyev xahiş etdi ki, mən yeni məktub göndərim. Ötən ilin mart ayının 10-da yeni məktub göndərdim və Saleh Hacıyevə bu barədə məlumat verdim. Sonradan Saleh Hacıyev mənə dedi ki, biz polis idarəsinə sorğu göndərmişik. Görəsən, polisin represiya ilə nə əlaqəsi ola bilər?

Nəhayət, 21 aprel 2021-ci ildə mən Respublikanın Prezidenti İlham Əliyev cənablarına göndərdiyim məktuba bu günə kimi cavab almamışam.

Hörmətli redaksiya! Mən özüm YAP-nın üzvüyəm. Lakin mənə qarşı belə bir süründürməçiliyə nə ad vermək olar? Hansı ki, təkrar edirəm, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinə görə, siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyasının sığorta hissəsinə 10 % artım hesablanır. Qanunu yazanlar niyə qanunu icra etməlilərə təsir edə bilmirlər?

Xahiş edirəm, bu dolaşıqlığa aydınlıq gətirəsiniz.

Müraciətimə qoşma:

Ermənistan SSR Ali Məhkəməsinin qərarının surəti-02 vərəqdə

“Azərbaycan Siyasi Repressiya Qurbanları” Assosiasiyasının arayışı-01 vərəq

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş arayışın surəti-01 vərəq

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 17.07.2018-ci il tarixdə verilmiş yalnış cavabın surəti-01 vərəq.

“Azərbaycan Siyasi Repressiya Qurbanları” Assosiasiyasının tərəfindən mənə verilmiş vəsiqənin surəti-01 vərəq

Hörmətlə:

M.Hüseynov

Redaksiyadan: Şikayət xarakterli müraciəti araşdırılıb tədbir görülməsi üçün aidiyyəti üzrə göndəriləcək. İnanınırıq ki, vətəndaşın şikayətinə qanun çərçivəsində baxılacaq...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN