...Bir aydan çoxdur ki, Rusiya Avropada işğalçı müharibəyə başlayıb...

Bu müharibə 2-ci Dünya Müharibəsindən sonra Avropada alovlanan ən böyük, təhlükəli müharibə ocağıdır və hər an onun növbəti dünya müharibəsinə çevrilmək təhlükəsi aktualdır.

Təcəvüzkarın (Rusiya) həm də nüvə silahına malik olduğunu düşünəndə isə, gələcək heç də ümidverici görünmür. İndi bütün sivil dünya bu təcavüzə qarşıdır və bunu aparıcı dövlətlərin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar da təsdiqləyir. Bəs Avropa ölkələri, bu ölkələrdə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar vəziyyət necədir, hansı tədbirlər görülür...

Və Avropaya sığınmış ukraynalı qaçqınlarla bağlı məsələ nə yerdədir?

Yaşadığım İsveçrə hələ müharibənin ilk günündən Rusiyanın təcavüzünü pislədi, Rusiyaya qarşı olan Avropa Birliyi ölkələri ilə eyni mövqedən çıxış etdi. Isveçrə Konfederasiyası daim müharibələrə neytral mövqe tutmasına rəğmən, bu dəfə başqa yol seçdi, ilk gündən Ukraynanın yanında olduğunu bəyan etdi, Rusiyanı müharibəni dayandırmağa çağırdı. Sonra daha da irəli gedərək, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qoşuldu... Son məlumatlara görə, indi İsveçrədə 11000 ukraynalı qaçqın “S” statusu (müvəqqəti oturum icazəsinin bir növüdür) alıb. Ancaq yəqin ki, Ukrayna qaçqınları ilə əlaqədar olan bu rəqəm mövcud gerçəkliyi tam əks etdirmir və real göstərici sayıla bilməz. Çünki ukraynalıların Şengen zonasına vizasız 90 günlük giriş hüququ var, bu isə o deməkdir ki, Ukrayna qaçqınlarının sayı İsveçrədə daha da çoxdur. SEM-in (İsveçrənin Dövlət Miqrasiya Xidməti) məlumatına görə, İsveçrə və Avropa ölkələri 2 -ci Dünya Müharibəsindən sonra, hələ belə böyük (qaçqın) problemlə üzləşməmişdilər. Müqayisə üçün deyək ki, Suriya müharibəsi zamanı Avropa 1,5 mılyon insan qəbul etmək məcburiyyətində qalmışdı, bunun da cəmi 20 mini İsveçrənin payına düşüb.

İsveçrədəki Ukrayna qaçqınları əsasən qadınlar, uşaqlar və qocalardan ibarətdir...

Çağırış yaşlı kişilərin isə, Ukraynanı tərk etməsi, əlbəttə ki, müəyyən qanunlarla tənzimlənir. Bu gündən sonra hələ daha nə qədər ukraynalının İsveçrəyə gələcəyi müharibənin davamından və miqyasından asılı olacaq. SEM-in proqnozlarına görə, əgər müharibə davam edərsə, iyun ayına qədər daha 35 mindən 50 minə qədər “S” statusu üçün İsveçrə hökümətin müraciət ediləcək. Kantonlar (vilayətlər) isə, ilin sonuna qədər ölkəyə daha 300 min adamın gələcəyini “gözləyir”. Burda qeyd edim ki, İsveçrədəki Ukrayna diasporunun çox kiçik (15 min) olması da rol oynayır. Ötən cümə axşamı SEM-in nümayəndələrinin keçirdiyi mətbuat konfransında mətbuat nümayəndələrinə bildirilmişdi ki, Ukrayna qaçqınlarının İsveçrədəki vəziyyəti (qeydə alınması, yerləşdirilməsi və.s.) Federal Mərkəzin tam nəzarəti altındadır. Həftənin 7 günü qaçqınlarla iş aparılır. Əgər əvvəllər- Ukrayna hadisələrinədək İsveçrəyə sığınmaqla bağlı ayda 1000 nəfərlə əlaqədar müraciət qeydiyyatdan keçirilirdisə, indi gündə 1000 belə müraciət qeydiyyata alınır. Hazırda İsveçrədə qaçqın statusu ilə bağlı müraciət həm də internet üzərindən mümkündür. İndi “S” statusu üçün müraciət edən şəxsə birbaşa tibbi yardım göstərilir, o, mümkün qədər tez tibbi sığorta ilə təmin edilir... SEM-in digər məlumatına görə, hələ ki, İsveçrədə sığınacaq istəyənlərdən heç kim küçədə qalmayıb.

İsveçrə qaçqınların qəbulu üçün nəzərdə tutulmuş yerlərin sayını 4000-dən 9000 -dək artırıb. Bundan əlavə, bütün kantonlar hər gün yeni yerlər təklif edir. Mehmanxanalar və hətta adı insanlar dövlətə öz köməklərini təklif edirlər. İsveçrədə demək olar ki, indi Ukrayna qaçqınlarının yarısı şəxsi evlərdə yaşayır. Bəzi kantonlar qaçqınları öz evlərində yerləşdirən yerlilərə maddi yardım edir. Məsələn, Şaffhauzen, Bazel - şəhərləri hər qaçqın üçün aylıq 250 frank (frank=$) pul ödəyir. Amma bu ödəniş İsveçrənin hər yerində eyni deyil, məsələn, Uri və ya Cenevrədə qaçqınlara heç bir kompensasiya ödənilmir. Qeyd edim ki, İsveçrədə ukraynalılara verilən “S” statusu onlara həm də işləmək hüququ yaradır və bu da qaçqın şəxsın maddi asılılıqdan qurtarması üçün nəzərdə tutulub. “S” statusu həm də bu şəxslərə yerli - milli dillərdən birini öyrənməkdə dəstək olur.

Əlavə olaraq deyim ki, bu bir ayda Isveçrənin bütün ərazisi boyu, irili - xırdalı şəhərlərdə (Sürix, lozanna, Cenevrə, Bern və s.) Rusiyanın Ukraynaya təcavüzü əleyhinə aksiyalar keçirilir və aksiyalar bu gün də davam edir. Ötən şənbə günü yenə də Berndə-Federal Sarayın qarşısında eyni məqsədlə minlərlə adam toplanmışdı. Həmin gün Ukrayna prezidenti Zelenskinin İsveçrədəki Ukraynaya dəstək mitinqinin iştirakçılarına canlı bağlantı ilə birbaşa müraciəti oldu...

O, İsveçrə dövlətinin rəhbərliyinə Ukrayna xalqına göstərdiyi dəstək və Rusiyaya tətbiq edilmiş sanksiyalara qoşulduğu üçün minnətdarlıq etdi. Eyni zamanda prezident avropalılara və beynəlxalq aləmə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyi tövsiyə etdi. İsveçrə ictimaiyyəti birmənalı olaraq Rusiyanın Ukraynaya qarşı təcüvüzünü qəti surətdə pisləyir...

Yeri gəlmişkən, isveçrəlilərlə söhbətdə Azərbaycanın Ukrayna hadisələrinə dair mövqeyindən də danışıram...

Onlar Azərbaycan dövlətinin belə mürəkkəb və hələ də regional münasibətlərin tam oturuşmadığı bir çoğrafi ərazidə - yəni Rusiyanın qonşuluğunda yerləşməsinə rəğmən, Ukraynaya belə bir ağır dönəmdə maddi dəstək olmasını - təcili yardım, yanğından mühafizə, ərzaq və s. maşınlarını benzinlə pulsuz təmin etməsini, tibbi ləvazimat və digər humanitar yardımlar göndərməsini təqdirəlayiq mövqe və cəsarətli addım kimi dəyərləndirirlər. Onlar Azərbaycana rəğbətini məxsusi şəkildə bildirirlər...

Ukraynada isə insanlar Rusiyanın işğalçılıq niyyətilə apardığı müharibənin alovunda qovrulur-ölür, yaralanır, qaçqın düşür... Və şəhərlər, kəndlər, sənaye müəssisələri darmadağın edilir, yer üzündən silinir...

İlham Rəsul

(“Təzadlar”ın Avropa müxbiri) İsveçrə, Arau 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN