Lənkəranın Təngivan kəndinin sakinləri onlara və təbiətə tutulan divandan şikayət edirlər.

Kənd sakinlərinin sözlərinə görə, 13 ildir bəzi məmurlar tərəfindən himayə olunan qum-çınqıl karxanası Təngivan kəndində acınaqcaqlı vəziyyət yaradıb. Bildirirlər ki, kəndləri qum-çınqıl karxanası tərəfindən yerlə-yeksan olunur.

Sözügedən karxananın “Gilan Holdinq”in nəzdində olduğunu deyən kənd sakinlərinin sözlərinə görə, karxananı Lənkəranın icra başçısı Taleh Qaraşov, kəndin bələdiyyə sədri Kamal Hüseynov və karxana rəhbəri Şaiq Həsənov birlikdə işlədirlər: “Birisi torpaq satır (söhbət camaatın mal-qarasının örüşu, yolları, çay yatağı və sakinlərin pay torpaqlarından gedir). Artıq təsərrüfatla məşğul olmaqda çətinlik çəkən əhalinin yarısı kənddən köçmək məcburiyyətində qalıb. Aidiyyəti dövlət qurumlarına illərlə şikayət olunub, məhkəmə olub, hamısı da bunun qanunsuz olduğunu təsdiq etsə də, karxana fəaliyyətini daha sürətlə davam edir. Şikayət edənlərə təzyiq olunur. Lənkərançayı qazandan sonra keçdilər örüş yerlərimizə, yollarmıza, pay torpaqlarımıza. Ərazidə qazıntılar aparmaqla yolları keçilməz ediblər. Çayın sahilindəki 50 hektardan çox torpaq sahəsini 10 metr dərinliyində qazıb daşıdılar. 10 hektarlarla feyxoa bağları məhv edilib. Ancaq bunlar hələ də dayanmaq bilmirlər və bunları heç kəs dayandırmır. Yüzlərlə ağac çıxarılıb, məhv edilib, qalan yüzlərlə ağacsa quruyub gedir. 40-50 il əvvəl əkdiyimiz ağaclardan iz qalmayıb. O vaxtlar əllərimizlə qazdığımız su kanallarını texnikalarla dağıdıblar, ağacları suvara bilmədik. İndi neçə ildir ki, nə ağac var, nə meyvə. Pay torpaqlarımıza gedən yollarımız da darmadağın edilib, pay torpaqlarımızdan əlimizi üzmüşük. Burada o qədər qazıntı aparılıb ki, daha burda nə əkin işi aparmaq, nə də məhsul götürmək olar”.

Şikayətçilər bildirir ki, karxananın sahibi Şaiq Həsənov deyir, hara yazırsız yazın, mənə heç kim heç nə edə bilməz. Hara yazırıqsa, məktublarımız guya araşdırılması üçün Lənkərana göndərilir, burda da ört-basdır edilir. Bilmirik dərdimizi kimə deyək”.

Kənd sakinləri xahiş edir ki, üzləşdikləri problemi ictimailəşdirək, bəlkə bundan sonra onların şikayətinə baxalar...

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN