Səbail RİH-in başçısı Vüqar Zeynalov yol mütəxəssisi yox, Mədəniyyət və İncəsənət Universitetinin məzunu olduğundan bu yolda vəziyyət olduqca kritikdir...

Bildiyimiz kimi, Badamdardan Bayıl istiqamətinə  gedən yol sürüşməyə məruz qaldığından uzun müddət istifadəsiz qalmışdır. Bu isə həmin yoldan istifadə edən insanlara böyük çətinliklər yaradırdı. Metronun “Elmlər Akademiyası” stansiyasının yanından başlayaraq Badamdardan keçməklə Bayıla gedən 53 sayılı marşurut avtobusu buna görə 2 yerə bölünmüşdü. Bir hissəsi metrodan Badamdarın sürüşmə yoluna qədər və geri hərəkət edirdi. Digər hissəsi isə metrodan Bayıl və 20-ci sahəyə qədər gedə bilirdi. Yəni, sakinlər bir istiqamətdən başqa istiqamətə getmək üçün “həsiri basma dolan gəl” prinsipi ilə hərəkət edirdilər.

 Arada söhbət gəzdi ki, sürüşmə zonasında yolu düzəltmək və gələcəkdə növbəti sürüşmədən qoruyub, daha etibarlı etmək üçün Yaponiyadan mütəxəssislər gətiriblər. Fikirləşdik ki, nəhayət, həm sürüşmə yolu bərpa olunacaq, həm də çox keyfiyyətli bir yol çəkiləcək. Amma sən saydığını say, gör yol başbilənləri nə sayır? Bu günlərdə yolum həmin istiqamətə düşmüşdü. Bir dostumun maşını ilə 20-ci sahə istiqamətindən 20 yanvar tərəfə getməli idik. Dostum maşını Badamdar istiqamətinə yönəldəndə təəccüblə soruşdum ki, axı yol bağlıdır. Dostum belə cavab verdi: “Açıqdır, amma bağlı olsa ondan yaxşıdır”. “Niyə”sini isə belə izahladı ki, yolda özün görərsən.

Bayılın yamacından üzü yuxarı- Badamdarın həmin sürüşmə zonasında olan yola çıxanda dəhşətə gəldim. Bu yol deyildi, sadəcə dağlıq, dərəlik və sanki tankların keçdiyi bir yol idi. Yolu qısa etmək üçün məcburiyyət qarşısında qalan bəzi sürücülər bu “tank yolu”ndan getməyə məcburdurlar. Amma marşurut avtobuslarına hələ ki, buradan işləməyə icazə vermirlər.

 Əvvəla, yol tam düzəlməyibsə, niyə açılıb? İkincisi, yol açılıbsa, niyə düzəlməyib? Axı bu biabırçılıqdır. Şəkildə yollara fikir verin. O dəqiqə görünür ki, yol, tələm-tələsik, hansısa bir məmurun göstərişi ilə açılıb. Axı həmin yolun aşağı və üst tərəflərində hansısa məmurların villalarıdır. Elə o yol da məhz o villaların güdazına gedib. Çünki deyilənlərə görə həmin villaların kanalizasiya xətləri yoxdur. Hamısı həyətlərində quyu qazaraq kanalizasiya sularını axıtmaq üçün mənbə yaradırlar. Həmin kanalizasiya quyularından isə su tədricən sızıb aşağılara gedir. Nəticədə yumşaq torpaqdan ibarət olan, dağlıq kimi görünən ərazilərin alt hissəsi yuyulur və sürüşmə baş verir. Nə qədər ki, villaların kanalizasiya xətləri düzəlməyib, Badamdar yolunda sürüşmə təhlükəsi həmişə olacaq. Görünür bu səbəbdən də yol başbilənləri hansısa məmurun göstərişi ilə, bərbad da olsa, yolu açıb ki, minik maşınları hoppanıb, düşməklə də olsa, yollarını qısa etmək üçün bu yoldan gedib, gələ bilsinlər.

***

Bir də, görünür, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bu yoldan keçməyib. Bir də ki, Vüqar müəllim yol mütəxəssisi yox, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur axı... Qınamağın da yeri yoxdur... Ola da bilsin, yolun belə bərbad qalmasını yol başbilənləri, maşın sürücülərinin sağlamlıq qayğılarına qalmaları baxımından düzəltmirlər. Bu yolda böyrək daşı mütləq düşməlidir... Neynək, qoy belə olsun. Əlbəttə, əsas insanın sağlamlığıdır. Yol isə, deyirlər, bir mədəniyyətdir... Burada isə hələki yol mədəniyyətindən danışmağa dəyməz...

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN