Azərbaycan ordusunda 27 il mayor rütbəsi ilə xidmət edən Fazil Əliyev aylardır məmur biganəliyi ilə üz-üzə qaldığını bildirir. Hazırda təqaüddə olan F.Əliyevin sözlərinə görə, idarələrdə süründürməçiliklə qarşılaşıb.

Beş aydır Binəqədi Rayon İcra Hakimiyyətindən kirayə pulu ala bilməməsindən şikayət edən ehtiyatda olan zabit daha yüksək qurumlara şikayət etsə də, hələlik işində irəliləyiş yoxdur.

F.Əliyev deyir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova onunla kobud davranır, süründürməçilik edir. H.Dadaşova isə onun kobud davranması ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

F.Əliyev hərbi xidmətdən təqaüdə çıxıb və qeydiyyatı Binəqədi rayonunda olsa da, İcra Hakimiyyətinin baş mühasibinin onun kirayə pulunu beş aydır ödəmədiyini söyləyir.

"Ötən il, 2021-ci il oktyabrın 27-dən sənədlərimi təqdim etmişəm, dekabrın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti sərəncam verib ki, Fazil Əliyev kirayə ev növbəsinə yazılsın, kirayə pulu ilə təmin olunsun. Lakin RİH-nin baş mühasibi Hicran Dadaşova məni get-gələ salıb. Mənim kirayə haqqımı ödəmək istəmir, telefon zənglərinə cavab vermir. Əsas gətirir ki, sən ilin sonunda sənəd verdiyinə görə, biz sənə kirayə haqqının ödənişini nəzərdə tutmamışıq. Mən Məhərrəm Əliyevə (Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi) şikayət etmişəm gecikməyə görə, bunlar da mənim şikayətim səbəbindən bilərəkdən, qərəzli olaraq işimi ləngidirlər", - F.Əliyev deyir.

Şikayətçi iddia edir ki, H.Dadaşova "əlçatmaz məmur" olub və onun kimi başqa şikayətçilərin də telefonlarına cavab vermir, gələni qəbul etmir.

Binəqədi Rayon İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova isə ona qarşı səsləndirilən itithamlarla razılaşmır və F.Əliyevin müraciətinə rəsmi cavab veriləcəyini deyir: "Özü dəfələrlə zəng vurub və ona deyilib ki, ərizəsinə cavab veriləcək. O, Məhərrəm Əliyevə də yazılı müraciət edib, həmin müraciət də bizdədir və mən telefonla izah etmişəm ki, siz rəsmi müraciət etmisiniz, müraciətinizə də rəsmi sürətdə cavab veriləcək, gözləyin. Biz onunla rəsmi görüşməmişik və mən ona qarşı necə kobud davrana bilərəm?".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN