Xəbər verildiyi kimi, bir qrup alimə qarşı Şuşaya səfər etmək adı ilə dələduzluq edilib. Bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, AMEA üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işçisi və müəllimi Əlvan Cəfərov Şuşada konfrans keçiriləcəyi adı ilə qeydiyyatdan keçmiş 470 alimi aldadıb.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlara oyun oynanılıb. Belə ki, sabah yola çıxacaqları halda, cəmi 100 nəfər seçilmiş alimin bu gün Şuşaya gedəcəyi bəlli olub. O da məlum olub ki, gedənlərin arasında bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. Şikayətçilərin sözlərinə görə, Əlvan Cəfərov Şuşaya səfər məqsədilə 470 alimin hər birindən 70 manat alıb.

Məsələyə aydınlıq gətirilməsi üçün Əlvan Cəfərovla əlaqə yaradılıb. O, barəsində iddia olunanlarla razılaşmayıb. Şuşaya səfərin AMEA tərəfindən təşkil olunduğunu vurğulayan Ə.Cəfərov bu işin, sadəcə, texniki tərəfini gördüyünü bildirib: “Təşkilatçı AMEA-dır və konfrans da onlarındır. 470 nəfərə həmin konfransda iştirak üçün söz verilib və onların hər biri ödəmə edib. Mən onlara kart atmışam ki, ödəməni ora köçürsünlər. Akademiya müəyyənləşdirmişdi ki, Şuşa səfəri 3 gün ərzində, yəni 8, 9 və 10 iyunda baş tutsun və 470 nəfər alim həmin günlərdə konfransa qatılsın. Aidiyyəti qurumlar bununla razılaşmadığı üçün belə bir durum yaşanıb. Bildirildi ki, Şuşa birdən-birə 470 nəfəri qəbul edə bilməz. Yəni bu səfər az-az mümkündür. Ona görə də Akademiya 470 nəfərin içindən 100 nəfər seçib bu gün Şuşaya göndərdi. Bu barədə elektron portalda da məlumat var”.

Ə.Cəfərov qeyd edib ki, özü də daxil olmaqla AMEA yerdə qalan 370 nəfərin də Şuşaya getməsi üçün çalışır: “Əlbəttə, 470 nəfərin hamısı istəyir ki, Şuşaya gedən 100 nəfərin arasında olsun. O siyahıda olmadıqlarına görə qıcıq yaranıb. Çalışırıq ki, yerdə qalan 370 nəfər də hissə-hissə getsin. Çünki hamısı qeydiyyatdan keçib və bu, onların bərabər hüququdur. 100 nəfər getsin, qalanı qalsın? Belə şey düzgün deyil. Bəziləri səbirsizlik edib, pullarını geri istəyir.

Yəni kim ki, məsələyə etiraz edir, onların pulu geri qaytarılır. Mən də dəqiq bilmirəm ki, qalan 370 nəfərin də Şuşaya getməsi təmin olunacaq, yoxsa yox. Onu da deyim ki, konfransın tək qiyməti 30 manatdır, yerdə qalan 40 manatın 25 manatı yol pulu, 15 manat isə avtobus puludur.

Akademiya bu məbləği danışıb. Şəxsi işlə məşğul olan hansısa məsələ yoxdur. Getməyənlərin pulu özlərinə qaytarılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN