Fuad Həziyev SOCAR-da təchizat məsələlərinə baxır, yoxsa?..

Xəbər verdiyimiz kimi, iyulun 20-də Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Qeyd edək ki, fərmanla bir sıra dövlət qurumlarına tapşırıqlar verilib, habelə, Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.

Reyting.az xəbər verir ki, dövlət başçısı son dövrlər az qala iqtisadi sfera ilə bağlı hər tədbirdə ölkənin ərzaq təhlükəsizliyi barədə narahatlığını ifadə edir. Qlobal ərzaq böhranı, xüsusən də dünya bazarında buğdanın qiymətlərinin astronomik sıçrayışla qalxması, bu azmış kimi, Ukraynadakı qanlı savaşın bu ölkədən idxal ediləsi buğdanın anbarlarda qalması onu deməyə əsas verir ki, İlham Əliyevin narahatlığı əsassız deyil və Azərbaycanda da vəziyyət heç də qənaətbəxş kimi qiymətləndirilə bilməz. Vaxtilə Səməd Vurğunun dediyi "çörək bol olarsa basılmaz vətən" deyiminin uzaq keçmişdə qalan bir fikir olduğunu iddia edirdik, amma reallıq budur ki, inanılmaz olsa da, 21-ci əsrdə dünya aclıq və səfalətlə üz-üzə qalıb. BMT-nin son hesabatına görə, hazırda dünyada 829 milyon insan gündəlik çörəyə olan tələbatını ödəyə bilmir, konkret olaraq aclıqdan əziyyət çəkir. İddia olunur ki, dünyadakı mövcud quraqlıq və müharibələr davam etsə, ilin sonuna aclıq təhlükəsi ilə üzləşənlərin sayı 1 milyardı keçəcək...

Dəyərli oxucu, bu statistikanı və mövcud reallığı diqqətinizə çatdırmaqda məqsədimiz heç də sizi vahiməyə salmaq və Azərbaycanda taxıl və çörək qıtlığı ola biləcəyi barədə xəbərdarlıq etmək deyil. Çox şükür ki, bizdə vəziyyət hələ nəzarətdədir və yaxın gələcəkdə gərginlik yarada biləcək durum gözlənilmir.

Məsələ ondadır ki, taxılın, unun az qala qızıl qiymətinə olduğu indiki dönəmdə yumurtadan “yun qırxan”, daha doğrusu, undan spirt çəkən işbazlar varmış. Özü də nə az, nə çox, hər il yüz min tonlarla. Dərd burasındadır ki, bu, hansısa bir iş adamı da deyil, SOCAR-ın təchizat idarəsi rəisinin müavini Fuad Həziyevdir. Bu "iş adamı" barədə xeyli vaxtdır mediada çeşidli məlumatlar dolaşır, materiallar sosial şəbəkələrdə və saytlarda tirajlanır. Onun öz adına olmasa da, qohum-qəbiləsinin adına rəsmiləşdirilən saymaqla bitməyən şirkətləri, zavod-fabriklərinin mövcudluğu belə bir sual yaradır ki, əcəba, dövlətin müvafiq qurumları hara baxır? Bu adamın işi SOCAR-da təchizat məsələlərinə baxmaqdır, yoxsa özünə təchizatla, daha doğrusu, sərvət toplamaqla məşğuldur?

Bəla burasındadır ki, İsmayıllı rayonunun Kürdmaşı kəndindən bir qrup sakinin müraciəti əsasında araşdırma aparmışıq və nəticədə ölkənin un böhranın baiskarlarından birinin dəqiq ünvanını tapmışıq. Bu, Fuad Həziyevin həyat yoldaşının adına rəsmiləşmiş Kürdmaşı şərab zavodudur. Bu zavodun adında “şərab” sözü olsa da, hələ indiyədək bir kiloqram üzüm bu müəssisəyə daxil olmayıb ki, ondan da şərab istehsal edələr. Burada Fuad Həziyevin “Baku Spirits” zavodu üçün yüz min tonlarla undan spirt almaqla məşğuldurlar. Müvafiq qurumlar il ərzində bu nəhəng spirt zavodunda neçə yüz min ton unun israf edildiyini və həmin spirtin F.Həziyevin Bakıdakı spirt zavoduna daşınaraq nə qədər araq çəkildiyini müəyyənləşdirə bilər. Əldə etdiyimiz məlumata görə, bu zavoda axırıncı dəfə min tonlarla un 6 gün bundan əvvəl daxil olub. Belə olduqda, ortaya bir sual çıxır: niyə bir tərəfdən ölkə başçısı vətəndaşın güzəranından qayğılanaraq büdcədən əlavə vəsiat ayırıb taxıl istehsalçılarına subsidiya verilməsini tapşırır, o biri yandan kimlərsə ölkəyə idxal olunan yüz min tonlarla unu tükənməyən sərvət marağının güdazına verir?

Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, yeni təyin olunmuş SOCAR prezidenti Rövşən Nəcəfə bu məlumat çatdırılacaq və o, Fuad Həziyevlə bağlı müvafiq tədbir görəcək. Bundan sonrası isə prokurorluq və DTX əməkdaşlarının işidir. Bu əməlin biznes, yoxsa ölkənin ərzaq təhlükəsizliyinə qəsd olub olmadığını araşdırıb ictimaiyyəti məlumatılandırmaq da onunların üzərinə düşür.

Təqdim etdi: E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN