Vüqar Bayramov: “Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə də belə bu, taxil böhranının fundamental həlli anlamına gəlmir.”

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan saziş imzalaması buğdanın dünya bazar qiymətinə təsirsiz ötüşməyib. Sazış imzalandıqdan sonra Birləşmiş Ştatlarda fyuçə müqavilələrində buğda 3 faiz dəyər itirərək hər buşeli 786 dollara təklif olunub. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəddə 1300 dollaradək yüksəltmişdi.

Ukraynanın Qara dənizdən ixracatını bərpa etməsi taxıl böhranını aradan qaldıracaqmı? Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

Məsələyə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov münasibət bildirib.

Onun sözlərinə görə, belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini bir daha göstərir. Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir.

“Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə də belə bu, taxil böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır. Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyili zəiflətdi. Xüsusən də bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o anlama gəlir ki, gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq”, - deyə bildirib.

İqtisadçı vurğulayıb ki, Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb və sözügedən iki ölkə qlobal taxıl ixracatının 30 faizini formalaşdırır - onların bazardan çəkilməsi təklifə ciddi təsir göstərir.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir və yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artmışdı.

O, idxalın Azərbaycan üçün də yeni idxal imkanları yaradacağını, həmçinin bu asılılıqdan yaxa qurtarmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə də buğda istehsalına başlanacağını açıqlayıb.

“ İdxal daha çox Qazaxıstandan həyata keçirilmişdi. Son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər,  baxmayaraq ki, Qara dənizdən ixrac ediləcək taxılın əsas alıcıları başqa qitələrdə yerləşirlər.

Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”, -deyə iqtisadçı-ekspert bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN