“...İdxaldan asılılığımız da aktual olaraq qalmaqdadır” – Azər Badamov

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın  tətbiqinin aqrar sektorun inkişafına  təsirindən danışıb.

Onun sözlərinə görə, strategiyada aqrar sahə üzrə nəzərdə tutulmuş istiqamətlərdən biri ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanmasıdır.

“Bu, sahibkarların ölkədə mövcud ərzaq tələbatı haqqında məlumatları vaxtında əldə etməsinə və istehsal proseslərini mövcud tələbə uyğun formalaşdırmasına imkan verəcək. Ərzaq təhlükəsizliyinin də təmin olunmasında ərzaq təminatı xəritəsinin əhəmiyyətli rolu olacaq. Belə ki, 2022‒2026-cı illərdə idxal və yerli istehsala əsaslanan ərzaq zənciri üzrə təchizat xəritəsinin tətbiqi proqnozların və hədəflərin daha düzgün müəyyənləşdirilməsinə yol açacaq.

 Millət vəkili qeyd edib ki, son illər əsas istehlak səbətinə daxil edilən ərzaq məhsulları yerli istehsal hesabına ödənilsə də, idxaldan asılılığımız yenə də aktual olaraq qalır.

 “Son illər kənd təsərrüfatının inkişafındakı uğurun nəticəsidir ki, artıq ərzaq məhsulları ilə özünütəminetmə faizi yüksəlməyə doğru gedir. Əsas istehlak səbətinə daxil edilən ərzaq mallarına olan tələbatımız əsasən yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, idxaldan asılılığımız da aktual olaraq qalmaqdadır. Strategiyada yerli emal sənayesinin inkişafının genişləndirilməsi və yerli istehsalın tərkibində olan komponentlərin idxalına vergi və gömrük güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarlığa dəstək məqsədilə qəbul edilmiş dövlət proqramlarının icrası və emal sənayesinin dirçəldilməsi yaxın illərdə idxaldan asılılığımızı kifayət qədər azaldacaq. Strategiyada nəzərdə tutulmuş hədəflərin icrası mövcud resurslardan daha səmərəli istifadə edilməsinə yol açacaq və ərzaq malları ilə özünütəminetmə faizi yüksələcək”, - deyə o, vurğulayıb.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN