İlkin mərhələdə 40 nəfər məcburi köçkünə peşə təhsili veriləcək.

 Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət TəminatI Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir. İlkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir. Layihənin hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, həmçinin  DMA ilə də birgə  “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə həyata keçirir. Layihə çərçivəsində, əmək bazarının tələblərinə uyğun peşələr tədris olunur və müxtəlif idarə və təşkilatlarda iş ilə təmin edilmələrinə dəstək göstərilir.

Belə ki, yanvar – iyun ayları ərzində 1931 məcburi köçkün siyahılaşdırılaraq layihəyə cəlb olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə təqdim olunmuşdur. Onlardan 57 nəfər layihəyə cəlb olunub və peşə təlimlərini başa vurub, 724 nəfərlə peşə yönümünə dair məsləhət xidməti aparılıb, 1150 nəfərinə peşə yönümünə dair məsləhət xidməti göstəriləcəkdir.

Xatırladaq ki, artıq məcburi köçkünlərimizin işğaldan azad edilmiş torpaqlarımıza qayıdığı başlayıb. 

Elə bu günlərdə Zəngilan rayonu, Ağalı kənd ərazisində “ağıllı kənd” konsepsiyası çərçivəsində yenidən inşa edilmiş 41 mənzil öz keçmiş sahiblərinin ixtiyarına verilib.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN