“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir.”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Azərbaycanın Avropaya mavi qaz ixracatı bu ilin ilk 7 ayında 61.5 faiz artaraq 4.0 milyard kub metrdən 6.5 milyard kubmetrə çatıb. Bu müddətdə xaricə qaz satışı 12,9 milyard kubmetr olub. Ümumi ixracatda 24 faiz artım qeydə alınıb. Energetika Nazirliyinin məlumatına görə, 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr mavi qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub”, - deyə bildirib.

Millət vəkili qeyd edib ki, ölkədə mavi qaz hasilatı da 13.3 faiz artıb.

“Bu ilin ilk 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən bu 3,2 milyard kubmetr artım deməkdir”,- deyib.

Vüqar Bayramov Avropaya ixrac edilən qazın həcminə diqqət çəkərək bildirib ki, ölkəmiz 2026-cı ilədək mavi qaz nəqlini 2 dəfə artıracaq və bununla da Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

 “Bu ilin yanvar-iyul ayları üzrə rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfinin Avropaya 2022-ci ildə 10 milyard kubmetrdən artıq mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yeni memoranduma əsasən, Azərbaycan Avropa nəql etdiyi mavi qazı 2026-cı ilədək iki dəfə artırmalıdır. Nəzərə alsaq ki, Yunanıstan, Bolqarıstan daxili şəbəkə vasitəsilə artıq Azərbaycanın mavi qazı iyulun 1-dən etibarən Bolqarıstana nəql edilib. İl ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Nəzərə alsaq ki, mərkəzi, şərqi Avropanın enerji təhlükəsizliyi daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir. Beləliklə,  mərkəzi, şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verə biləcək, - qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen  Azərbaycana səfər etmişdi.

O, ölkə prezidenti İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Anlaşma Memorandumunu imzalayıblar.

  Avropa İttifaqı Komissiyasının sədri “Twitter”dən sözügedən mövzu ilə bağlı bu fikirləri paylaşmışdı: "Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir. Bugünkü razılaşma ilə biz Azərbaycandan Aİ-yə qaz tədarükünü ikiqat artırmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, qışda qaz təchizatımız üçün yaxşı xəbərdir."

  Ursula fon der Leyen bu görüşdən əvvəl sosial media hesabında təbii qazın verilməsi ilə bağlı Azərbaycanla yeni enerji sazişi imzalayacaqlarına diqqət çəkərək yazmışdı: “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyi və iqlimə uyğun transformasiyada çox mühüm tərəfdaş olacaq”.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN