Bu Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir.

Bunu iqtisadçı ekspert Anar Bayramov  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə edilən dəyişiklikləri şərh edərkən bildirib.

 Ekspert Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətə çatdırıb.

Onun  sözlərinə görə, Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib.

“Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilib. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınacaq”, - deyə bildirib.

İqtisadçı bunu misal gətirərək də izah edib.

O, bildirib ki, hansısa işəgötürən işçiyə 2022-ci ilin avqust ayında maddi yardım verib və sentyabr ayında işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, işəgötürən müavinət hesabladıqda maddi yardım son 12 ay üzrə hesablanacaq gəlirlərə aid ediləcək.

Digər bir misalda isə o, bildirib ki, “ 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edən işçiyə həmin ilin aprel ayında istifadə edilməmiş məzuniyyətə görə ödəniş hesablanıb. Dəyişikliyə qədər həmin məbləğ nəzərə alınmırdı: çünki Əmək Məcəlləsinin 157-cü maddəsinin üçüncü hissəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 189 saylı qərara edilmiş dəyişiklikdən sonra istifadə edilməmiş məzuniyyətə görə hesablanan məbləğdən məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün bu məbləğ işçinin gəlirlərində də nəzərə alınacaq”. – deyə qedy edib.

Anar Bayramovun  fikrincə, Əsasnaməyə edilmiş dəyişiklikdə işçinin mənafeyi nəzərə alınıb.

“Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq”, - deyə vurğulayıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN