Rusiya Qərbin sanksiyalarına cavab olaraq Avropaya soyuq qış vəd edib

Xəbər verdiyimiz kimi, bir neçə gündür Rusiya "Şimal Axını 1" kəməri vasitəsi ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb.

Əvvəlcə bunun texniki işlərlə əlaqədar olduğu (daha əvvəl də 3 günlük dayandırılmışdı) və bunun avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan başlayıb 3 sentyabr saat 04:00-a qədər davam edəcəyi bildirildi.

Sentyabrın 2-də isə Rusiyanın “Qazprom” qaz şirkəti “Şimal axını” boru kəməri ilə qaz nəqlini kompressorunun hissələrində yağ sızması səbəbindən qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan etdi.

Lakin Nord Stream 1 turbinlərinə müntəzəm texniki qulluq edən Siemens Energy şirkəti məsələ ilə əlaqədar bildirdi ki, belə yağ sızması boru kəmərinin işini dayandırmamalıdır...

Nəhayət, ötən gün Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu əks fikirlərə birdəfəlik aydınlıq gətirərək qeyd edib ki, “Şimal axını” ilə təchizatın dayandırılması ilə bağlı vəziyyət yalnız anti-Rusiya sanksiyaları ilə bağlıdır.

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da  qeyd edib ki, rəsmi Moskvanın qaz təchizatının bərpası üçün irəli sürdüyü şərt Qərbin sanksiyaları ləğv etməsidir:

“Rusiyaya qarşı 8-ci paket sanksiyaların müzakirə edildiyi bir zamanda Brüsselin Moskvanın bu şərti ilə razılaşacağı inandırıcı görünmür. Bu isə o anlama gəlir ki, artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında da soyuq qışa hazırlıq gedir.

Avropa İttifaqını gözləyən tutqun payız və buzlu qış fəsilləri qədim qitə üçün həm də iqtisadi təsirlər ilə müşahidə olunur. Avro tədavül tarixində dollara nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9.1 faizə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8.9 % idi. Ötən il isə bu rəqəm cəmi 2.2 % idi”, - deyə bildirib.

 O, əlavə edib ki, Aİ-də də iqtisadi artım ürəkaçan deyil və proqnozlara görə, vəziyyət getdikcə pisləşə bilər.

“…Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Hətta bu göstəricinin də Avropa üçün “sonuncu dayanacaq” olmayacağını düşünənlər az deyil. İttifaq dövlətlərində illik orta iqtisadi artımın daha az olacağı gözlənilir

Təbii ki, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.

Göründüyü kimi, hər iki tərəf “va-bank” gedişlərə üstünlük verir”, - millət vəkili deyib.

Onun sözlərinə görə, bu qarşıdurmadan itirən dünya iqtisadiyyatındakı yeni və daha ağır iqtisadi böhran isə artıq qapıları döyür.

***

Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto bəyan edib ki, Avropada Rusiya qazının yeganə etibarlı mənbəyi Türkiyədən Yunanıstan, Bolqarıstan, Macarıstan və Serbiyaya aparan “Türk axını”dır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN