BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mart ayı üzrə açıqladığı Ərzaq Qiymətləri İndeksində əsas ərzaq malları səbəti üçün beynəlxalq qiymətlərdə aylıq dəyişikliklərə dair məlumat öz əksini tapıb.

FAO-nun açıqılamasında deyilir ki, 2023-cü ilin mart ayında indeks ardıcıl 12-ci ay azalmağa davam edərək, orta hesabla 126,9 bənd təşkil edib. Bu, 2023-cü ilin fevral ayı ilə müqayisədə 2,1%, keçən ilin mart ayı ilə müqayisədə isə 20,5% aşağı göstəricidir. Xüsusilə, dünyada taxıl qiymətləri indeksi fevral ayı ilə müqayisədə 5,6% aşağı düşüb, buğda isə 7,1% ucuzlaşıb ki, bu da Avstraliyada istehsalın yüksək səviyyəsi, Avropa İttifaqında məhsul şəraitinin yaxşılaşması, Rusiyadan böyük həcmdə tədarük və Qara dəniz limanları vasitəsilə Ukraynadan davamlı ixracla bağlıdır. Qarğıdalının qiymətləri Braziliyada rekord məhsul gözlənildiyinə görə 4,6% aşağı düşüb, Hindistan, Vyetnam və Tailand da daxil olmaqla əsas ixracatçı ölkələrdə məhsul yığımının davam etməsi fonunda düyü 3,2% ucuzlaşıb. Bitki yağının qiymət indeksi əvvəlki ayla müqayisədə orta hesabla 3%, 2022-ci ilin mart ayı ilə müqayisədə isə 47,7% aşağı olub: böyük qlobal ehtiyatların mövcudluğu və idxal tələbinin azalması soya, raps və günəbaxan yağlarının qiymətlərini aşağı salıb. FAO-ya görə, bu, palma yağının yüksək qiymətlərini kompensasiya edir.

Bununla belə, FAO-nun baş iqtisadçısı Maksimo Torero qeyd edib ki, yerli iqtisadi faktorlar səbəbindən dünyanın bir sıra regionlarında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşir. "Dünya miqyasında qiymətlərin azalmasına baxmayaraq, həmin regionlarda qiymətlər hələ də çox yüksəkdir və daxili bazarlarda artmaqda davam edir ki, bu da ərzaq təhlükəsizliyi üçün əlavə problemlər yaradır. Bu, xüsusilə ərzaq idxalından asılı inkişaf etməkdə olan ölkələrə aiddir, onların valyutalarının ABŞ dolları və ya avroya nisbətən ucuzlaşması, eləcə də borc yükünün artması ilə vəziyyət daha da ağırlaşır”, - M.Torero bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN