İqlim dəyişikliyi sülh və təhlükəsizliyə təhdidi artırır. Son onilliklərdə dünya 2500-dən çox təbii fəlakət və 40 böyük münaqişə ilə üzləşib. Bunların təxminən 2 milyard insana mənfi təsiri olub.

TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında belçikalı parlamentari Simon Mutkinin hazırladığı “Təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılmasında siyasi strategiyalar” adlı məruzənin müzakirəsi zamanı siyasi qrup adından çıxışında deyib.

Bildirib ki, təbii fəlakətlərin nəticələri yoxsulluğun aradan qaldırılması səylərini əngəlləyir, ərzaq, eləcə də insanların təhlükəsizliyinə böyük təhlükə yaradır, sülh və stabilliyin təminatı üçün görülən işləri çətinləşdirir. Təbii fəlakətlərin yaratdığı ağır nəticələr əhalinin yerdəyişməsinə, qeyri-sabitliyə şərait yaradır.

“İnsanlar təbiət hadisələrini idarə etmək iqtidarında deyil, ancaq təbii fəlakətlərə hazır olmaq və onun nəticələrini tez bir zamanda aradan qaldırmaq insanın əlindədir”, - deyə S.Fətəliyeva Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin törətdiyi ağır nəticələrdən söz açıb. Qeyd edib ki, türkiyədəki zəlzələlər minlərlə insanın həyatına son qoydu, infrastrukturu məhv etdi və ölkə iqtisadiyyatına böyük ziyan vurdu. Türkiyə bu vəziyyətə təsirli və vaxtında reaksiya verməklə, ağır nəticələrin aradan qaldırılması sahəsində digər ölkələrə nümunə oldu.

Azərbaycanlı deputat təbii fəlakətlərə hazır olmaq istiqamətində bir neçə aspekti sadalayaraq, fövqəladə hallara cavab planlarının, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinin, dayanıqlı infrastrukturun qurulması və bu sahəyə sərmayə yatırılmasının, özəl sektorda bu istiqamətdə hazırlığın gücləndirilməsinin, məlumat mübadiləsinin, maliyyə yardımının vacibliyini vurğulayıb.

Diqqətə çatdırıb ki, qarşıdan gələn illərdə fəlakətlərin qarşısının alınması və idarə olunması daim diqqət mərkəzində olmalıdır.

AZƏRTAC

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN