Cari ilin 10 ayı ərzində təkcə mal əti idxalı 93,3 faiz artıb.

***

Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

O həm də diqqətə çatdırıb ki, bəzi məhsulların qiyməti ucuzlaşdığı üçün ölkədən daha az valyuta çıxarılıb.

 “Enerji məhsulların qiymətinin əvvəlki il ilə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb. Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil”, - deyə iqtisadçı-ekspert bildirib.

 V.Bayramov ölkəyə idxal edilən ərzaq məhsullarının həcmindəki sıçrayışa da diqqət çəkib, həmçinin vurğulayıb ki, ərzaq məhsullarının yerli istehsalının artırılması ilə xaricə axıdılan valyuta axınının da qarşısını almaq olar: 

“Bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb: mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz, unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz.

Son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir. Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asıllığın aradan qaldırılmasına ehtiyac var”, - deyə o, qeyd edib.

Vüqar Bayramovun təqdim etdiyi rəqəmlərə də nəzər saldıqda aydın olur ki, biz ərzaq idxalını azalda bilmirik, əksinə valyuta xarici ciblərə gedir.

Bunu taxıl idxalımıza baxdıqda da görməmək olmur.

Belə ki, təkcə bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 145 milyon 565  min ABŞ dolları dəyərində 493 min 210,21 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8 faiz, həcmi isə 23,1 faiz artıb. Ötən ilin ilk 6 ayında Azərbaycana 142 milyon 965 min dollar dəyərində  400 min 748 ton buğda idxal edilmişdi.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN