Amuldağ yatağının çirkləndirdiyi “Cermuk” mineral suyundan insan ölümü ciddi araşdırılmalıdır.

"Environmental Protection First" (EPF) Koalisiyasından bildirilib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının amansız istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.

Bu baxımdan bu günlərdə Rusiyanın Vladiqafqaz şəhər sakininin mağazadan aldığı Ermənistanın “Jermuk Group” şirkətinə məxsus “Cermuk” mineral suyunu içdikdən sonra zəhərlənərək ölməsi ciddi araşdırılmalıdır.

Məlumatlara görə, artıq Şimali Osetiyada “Cermuk” mineral suyunun satışı dayandırılıb. Bu, ilk hadisə deyil. Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi (FDA) Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyən etmişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkəsində də qadağan edilmişdi. Arsen oksidi tozu əsasən mədən sənayesinin aparıldığı ərazilərdə ekoloji normalar gözlənilmədikdə içməli su mənbələrinə qarışır.

"Environmental Protection First" (EPF) Koalisiyası bir daha Ermənistan rəhbərliyindən tələb edir ki, Amuldağ (Amulsar) yatağındakı mədən işləri dərhal dayandırılsın və müstəqil ekspertlərin, Azərbaycanın və digər xarici ölkələrin ekoloqlarının bu müəssisədə monitorinq aparmasına şərait yaradılsın.

Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, Göyçə (Sevan) gölünün ekosisteminə də öldürücü təsir göstərir.

Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.

***

 TEZADLAR.AZ xəbər veriri ki, hələ ötən ay “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyən bəyanat yaymışdılar.

Bəyanatda vurğulanıb ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur:

"Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur".

Məlumatda diqqətə şatdırılırdı ki, qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir.

Həmçinin qeyd edilmişdi ki, bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir və şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir.

 “EPF Koalisiyası olaraq biz də Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan “Amulsar qızıl yatağı”ndakı işləri dərhal dayandırmağa çağırırıq”, - deyə bəyanatda bildirilirdi.

Həmçinin 22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat da yayıblar.

Amma görünən odur ki, Ermənistan təbiətə düşmənliyini davam etdirir və insanları, gələcəyimizi zəhərləməkdə israrlıdır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN