Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə daxildə emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi orta və uzunmüddətli dövrdə daxildə emal proseduru altında emal edilərək ixrac ediləcək malların xüsusi çəkisinin artımına səbəb olacaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin prioritet olaraq qəbul etdiyi əsas məqsədlərdən biri də ölkənin qeyri-neft-qaz sektorunun potensialını artırmaqdır: “Məqsədlərdən biri budur ki, neft və qaz sektorundan kənar məhsulların ixrac imkanları və çeşidi durmadan artsın. Bunun üçün tələb olunan əsas şərtlərdən biri vergi və rüsumların elə bir mexanizmlə tətbiqidir ki, bu, yerli istehsalı stimullaşdırsın, yerli istehsal olan qeyri-neft və qaz sektoruna aid olan məhsulların ixracını genişləndirsin, buna əlavə, maraq və şərait yaradılsın. Biz bu yolla qeyri-neft-qaz sektorunun inkişafına nail ola bilərik. Nazirlər Kabinetinin qeyd edilən qərarı bu istiqamətdə mühüm sənədlərdən biridir”.

İqtisadçı hesab edir ki, ixrac imkanlarının genişlənməsinə nail olmaq üçün müvafiq şərait yarandıqca bu tip addımların atılması davam etdirilməlidir.

Xarici ölkələrin təcrübəsində daxildə emal xüsusi gömrük prosedurundan ixracyönümlü istehsalın artırılması üçün geniş istifadə olunduğunu deyən P.Heydərovun sözlərinə görə, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur altında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir. O, istehsal olunan yeni məhsulun qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunduğunu, nəticədə istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyinin artdığını söyləyib.

P.Heydərov qeyd edib ki, daxildə emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi şirkətləri bu prosedurdan daha çox istifadə etməyə təşviq edir. Dəyişiklik nəticəsində prosedur sahibi xammal və ya materialı qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində prosedur altında ölkəyə gətirib emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac etmək imkanı əldə etmiş olur.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN