Bəzi hallarda işçilər iş vaxtından artıq işlərə cəlb olunurlar.

İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə işçinin əmək funksiyasını müəyyən edilmiş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmadıqda işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

TEZADLAR.AZ xəbər verir ki, qeyd olunan halları əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

İşçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə Əmək Məcəlləsinin101-ci maddəsinə əsasən, yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

  1. a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  2. b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlǝnilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  3. c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

  1. d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşçinin iş vaxtından artıq işlərə cəlb edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

- Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

- Əmək şəraiti ağır və zərərli olan iş yerlərində işçi dalbadal gələn iki iş günü ərzində iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

- Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
- Hamilǝ, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək

uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

- İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Misal 1: İşçi 22.05.2023-cü il tarixdə öz razılığı və işəgötürənin əmri ilə iki saat müddətinə, 23.05.2023-cü il tarixdə də iki saat müddətinə iş vaxtından artıq işə cəlb edilib. Bu halda o, 24.05.2023-cü il tarixdə də iş vaxtından artıq işə cəlb oluna bilərmi?

Qeyd etmişdik ki, normal iş rejimində çalışan işçilər dalbadal gələn iki iş günü ərzində dörd saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Bu baxımdan, işçi 22 və 23 may tarixlərində iki saat olmaqla, ümumilikdə dörd saat iş vaxtından artıq işə cəlb edildiyi üçün 24 may tarixində iş vaxtından artıq işə cəlb edilə bilməz. Ola bilərdi ki, işçi 22 may tarixində 4 saat iş vaxtından artıq işə cəlb edilsin. Bu halda, o, 23 may tarixində də iş vaxtından artıq işə cəlb edilə bilməzdi.

Fərqli bir nümunəyə nəzər salaq:

Misal 2: İşçi 25 və 26 may tarixlərində öz razılığı və işəgötürənin əmri ilə gündəlik iki saat müddətinə iş vaxtından artıq işə cəlb edilib. 26 may tarixi həftənin cümə günü, şənbə və bazar günləri istirahət günləridir. Belə olan halda, 29 may tarixində (həftənin birinci günü) işçi yenidən iş vaxtından artıq işə cəlb oluna bilərmi?

Cəlb edilə bilər. Çünki iş vaxtından artıq işə cəlb edilmə ilə bağlı məhdudiyyət dalbadal gələn iki iş günü ərzində dörd saat müəyyən olunub. 26 maydan sonra həftəsonu istirahət günləri olduğu üçün o, 29 mayda 4 saatdan çox olmamaqla iş vaxtından artıq işə cəlb edilə bilər.

Misal 3: İşçi həftədə 2 saat olmaqla, ay ərzində ümumi 8 saat iş vaxtından artıq işə cəlb edilib. Özü və işəgötürənin razılığı ilə o, ay ərzində 8 saat iş vaxtından əlavə çalışdığı müddət əvəzinə bir gün əlavə istirahət edəcək. Bu hal qanunauyğundurmu?

İş günü hesab edilməyən bayram günlərində işə cəlb edilmədən fərqli olaraq, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Buna görə də işçi və işəgötürən razı olsa belə, bu hal qanunauyğun hesab edilməyəcək. İş vaxtından artıq işə görə mütləq qaydada nəzərdə tutulmuş formada əlavə ödəniş edilməlidir.

İş vaxtından artıq iş zamanı işçinin razılığı əsasında işəgötürən əmr verməlidir. Razılıq ayrı formada alına bilindiyi kimi, şifahi alınaraq verilmiş əmrdə işçinin imzası ilə təsdiqlənə bilər. Əmrdə işçinin iş vaxtından artıq işə cəlb olunmasının əsası, müddəti və sair məlumatlar qeyd edilməlidir.

Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilmək, müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Yuxanda qeyd edilən norma iş vaxtından artıq işə cəlb edilmiş işçiyə ödənilməli olan minimum normadır. İşəgötürən tərəfindən əmək müqaviləsində iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN