Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub. 

"TƏZADLAR" xəbər verir ki, 2021-ci il oktyabrın 1-dən 2022-ci ilin martın 31-dək davam edəcək sərgidə 192 ölkə və 10 təşkilat iştirak edir. Sərgidə ölkəmiz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Pavilyonu ilə təmsil olunur. Bu, yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə qazanılan uğurların nümayiş olunduğu Azərbaycan Pavilyonu sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır. “Dubay EXPO 2020” sərgisi məhsullarımızın daha çox tanıdılması, xarici bazarlara çıxışının genişləndirilməsi üçün əlverişli platformadır.

Azərbaycan nümayəndə heyəti, həmçinin “Dubay EXPO 2020” sərgisində qardaş Türkiyə və BƏƏ pavilyonlarına gedib, əldə olunan nailiyyətlərlə və davamlılığının təmin olunması istiqamətində görülən işlərlə tanış olub.

 “Dubay EXPO 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti "DP World Group"un direktoru Sultan Əhməd Bin Sulayemlə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın nəqliyyat-tranzit və sənaye potensialını diqqətə çatdırıb, sənaye zonaları və Trans-Xəzər nəqliyyat dəhlizi üzrə BƏƏ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir Ələt Azad İqtisadi Zonasının fəaliyyəti üçün Azərbaycanın inkişaf etmiş infrastruktura malik olduğunu, bu sahəyə qoyulan investisiyaların ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına əlavə imkan yaratdığını qeyd edib.

Görüşdə Azərbaycanın geniş tranzit potensialı vurğulanıb və Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

"DP World Group"un direktoru Sultan Əhməd Bin Sulayem təmsil etdiyi biznes qurumunun fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf etmiş infrastruktura malik olmasının "DP World Group"la əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Tərəflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına "DP World Group"un məsləhət xidmətləri göstərməsinə dair müzakirələr aparıb.

Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN