Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.

“Faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.
Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətlərindən biri də təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlar, həmçinin yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirməkdir. Və çox təəssüf ki, DETX əməkdaşlarının bu istiqamətdə  apardığı nəzarət tədbirlərinə baxmayaraq, yenə də bəzi müəssisə rəhbərləri özləri üçün nəticə çıxarmırlar. 
Məlumatlara görə, tullantıların, yanacağın və digər maddələrin də yanması zamanı yanma məhsulları havaya daxil olur və bu da atmosferin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. 

Havanı çirkləndirən müxtəlif elementlər turşu yağış şəklində yerə düşür və həmin çöküntülər su hövzələrinə daxil olaraq suyun tərkibini dəyişir. Bu isə çaylarda və göllərdə flora və faunanın ölümünə səbəb olur.

Atmosferin çirklənməsi ətraf mühitə mənfi təsir göstərməklə yanaşı, insanlarda xroniki xəstəliklərə çevrilən xəstəliklərə səbəb olur və əhalinin ömrünü azaldır.

JASMİN

 

 

 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN