Daşkənddə yeni ildən ictimai nəqliyyatda gediş haqqının artırılacağı gözlənilir.

Hazırda paytaxtda avtobus və metroda gediş haqqı 1400 sumdur. Qiymət artımından sonra gediş haqqı 1700 suma qaldırılacaq ki, bu da cari dəyərin təxminən 20%-i qədərdir.

Yerli KIV-in məlumatına görə, yeniliklər şəhər merinin “Yeni tariflərin tətbiqi haqqında” qərar layihəsində nəzərdə tutulub. Sənəddə qeyd edilib ki, Moskva və Almatıda əhali gediş haqqını daha çox nəqliyyat kartları ilə ödəyir, çünki bu, daha sərfəlidir. Daşkənd hakimiyyəti, həmçinin əhalini kartlardan istifadəyə həvəsləndirmək qərarına gəlib.

Yanvarın 1-dən gediş haqlarında baş verən dəyişiklik  kartdan istifadə edən sərnişinlərə daha ucuz başa gələcək. Belə ki, kartlar ilə gediş haqqı nağd puldan daha ucuz olacaq və 1300 sum təşkil edəcək.  Bu, həm nəqliyyat kartından istifadə edənlərin sayının artmasına səbəb olacaq,  həm nağd pul dövriyyəsini azaldacaq,  həm də  ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq. Lakin bununla belə, kart üzrə gedişlərin sayına limit tətbiq etmək də planlaşdırılır.

2022-ci ildə yeni tariflərin tətbiqi nəticəsində “Toşşəhərtransxizmat” və “Toşkənd Metropoliteni” müəssisələrinin itkilərinin azalması hesabına şəhər büdcəsinin xərclərinin 128-130 milyard sum (12 milyon dollar) azalacağı gözlənilir. Layihənin müzakirəsi dekabrın 26-dək davam edəcək.

Qeyd edək ki, 1700 özbək sumu milli pul vahidimizlə təxminən 26 qəpikdir. 3 milyona yaxın  əhalisi olan Daşkənddə kartdan istifadə edən sərnişinlər isə ictimai nəqliyyata 1300 sum ödəyəcək ki, bu da  təxminən 20 qəpik civarındadır.

Xatırladaq ki, Daşkənddə  sonuncu dəfə ictimai nəqliyyatda gediş haqqı 2019-cu ilin avqustunda artırılıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN