Azərbaycanın Qərb bölgəsində vaxtilə gəlirli kənd təsərrüfatı sahələrindən olan istixanlar indi tənəzzül dövrünü yaşayır.

Buna səbəb fermerlərin min bir əziyyətlə becərdiyi məshsullarını sata bilməməsidir. Onlar istixana şəraitində becərdikləri məhsula yerli bazarlarda tələbatın az olduğunu, ixrac zamanı isə dəyərindən qat-qat aşağı qiymətə düşdüyünü deyirlər.

Tovuzun Düz Qırıqlı kəndindən olan fermer Səlahəddin Rzayev uzun illərdir 2 hektar sahədə istixana şəraitində pomidor yetişdirərək xarici bazarlara satıb. Hazırda məhsul yığımı olduğunu deyən fermer belə davam edərsə, bu dəfəki məhsulun istixanadan topladığı sonuncu pomidorlar olacağını deyir: "Məhsulumu Rusiyaya, əsasən Moskva bazarlarına göndərirəm. Hazırda məhsulun bir kiloqramının ərsəyə gəldiyi xərcdən qat-qat aşağı qiymətə satırıq. Rublun dollara nisbətində fərqlər var, dollar bahadır. Nəticədə, maya dəyəri 1 manat 50 qəpikdən bahaya gələn pomidor 70-80 qəpiyə satılır. Bu da iki hektar istixanadan 70-80 min dollar ziyanla üzləşmək deməkdir".

Fermer ziyanın digər səbəblərini də istehsal üçün lazım olan məhsulların qiymətinin durmadan bahalanmasında görür: "Son 2-3 ildə yanacaq resursları 120 faiz bahalaşıb. Gübrə və pestisidlərin qiyməti də onun kimi, günü-gündən artır. Fəhlələrə yüksək maaş veririk. Nəticədə, sahibkar pul qazanmır. Ona görə də tamamilə ləğv etmək fikrindəyik. Bu gün də əkdiyimizə görə peşmançılıq hissi keçiririk".

Fermerlər bildirir ki, Tovuzda hazırda cəmi 4 istixana qalıb. Onların sözlərinə görə qonşu Şəmkir rayonunda da analoji vəziyyət müşahidə edilir. Fermerlərin hamısının borc içində olduğunu söyləyən Xasay Hüseynov hazırda 500 min dollar başa gətirdiyi istixanasının hissələrini söküb satmaqla borclarını ödəməyə çalışdığını deyir: "İstixanamı 500 min dollara ərsəyə gətirmişdim. 85 ar istixanamı, 3 ar şitilxanamı məcbur olub ləğv etdim. Borclarım azaldıb yerində üzüm bağı salmaq istəyirəm. Bu sahədə rentabellik yoxdur daha. Bazarımız Rusiyadır. Yol haqqı bahadır, gömrükdə məhsul günlərlə qalır xarab olur, dəyərini itirir. Ona görə də istixana sahiblərinin 80-90 faizi müflis oldu. İndi borcumuzu verə bilmirik. Gübrəyə borclu, işçiyə borclu, qaza borclu, hələ də borcum var".

Təcrübəli fermerlər bu sahədə geriləmənin qarşısını almaq üçün istixanalara subsidiya tətbiqi, güzəştli tədbirlərin görülməsinin çıxış yolu olduğunu bildirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN