Osman Gündüz: "EHİM-in belə bir məlumatının yayılması olduqca qüsurlu və mahiyyətcə onun qarşısına qoyulan vəzifələrə uyğun gəlməyən bir haldır."
Sıradan bir kommersiya qurumu, yoxsa rəqəmsal hökumətə cavabdeh olan dövlət qurumu?..
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), güman ki, ötən ilin yekunu ilə bağlı hesabat xarakterli bir məlumat yayıb. Sanki sıradan bir kommersiya qurumunun hesabatıdır.
Bu fikirləri "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
Ekspert qeyd edib ki, məlumatda əsasən, ötən illər ərzində nə qədər rəqəmsal həlləri yaratdıqlarına və nə qədər dövlət vəsaitinə qənaət etdiklərinə diqqət yönəldilib.
"Çox təəccüblü və anlaşılmazdır. Son illərdə ölkədə rəqəmsal hökumətə keçidlə bağlı müəyyən addımlar atılsa da, xüsusilə də son ildə eGov-un xarici resursdan asılılığını aradan qaldıran nəhəng "ASAN Bridge" sisteminin hazırlanması, regional eGov quruculuğuna start verilməsi və s. bu tip işlərlə yanaşı, uzun müddətdən bəri sektorda bir xeyli problemlər də öz həllini tapa bilmir.
Xüsusilə də, dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası və effektiv idarəetməsi ilə bağlı Prezidentin 2018-ci il 12 sentyabr taixli fərmanının indiyədək icra olunmaması eGov-un inkişafını hədsiz dərəcədə ləngidib", -deyə qeyd edib.
 Hələ də bir çox dövlət qurumlarının bir-birilərinin elektron sənədlərini tanımaqdan imtina etdiyinə diqqət çəkən Osman Gündüz
dövlət qurumlarında elektron formada olan sənədləri, digər dövlət qurumu tərəfindən kağız formada, hətta notarial qaydada təsdiqlənməklə yenidən tələb etdiyini vurğulayıb.
"Dövlət qurumları arasında eGov-la bağlı koordinasiyada ciddi problemlər var. Bəzi dövlət qurumları, ümumiyyətlə bu işə sayğısız yanaşırlar və ASAN tərəfindən bu istiqamətdə atılan addımlar ciddi qarşılanmır.
Sanki hərə özü üçün bir e-xidmət yaradıb və "oturub" üzərində.
Ümumiyyətlə, son zamanlar rəqəmsal hökumət sektorunda vəziyyət ürəkaçan deyil, hətta deyərdim ki inteqrasiyanın baş tutmaması ucbatından rəqəmsal hökumətlə bağlı işlər geriyə doğru gedir.
Vətəndaşlar son zamanlar hətta ASAN Xidmət Mərkəzlərində onlayn formada ödənişlərin hansısa dövlət qurumu tərəfindən qəbul edilməməsi səbəbindən geri qaytarılır və birbaşa banka yaxınlaşıb –çek əldə edərək ödəniş edilməsi tələb olunur. Bütün bunlar isə EHİM üçün ciddi siqnal olmalıdır.
Təəssüf ki, EHİM-in yuxarıda adı çəkilən məlumatında, yuxarıda sadalananların heç birisi haqqında məlumat əldə etmək mümkün deyil.
Düşünürəm ki, EHİM-in hesabat xarakterli məlumatında görülən işlərlə bərabər mövcud ciddi problemlərə də diqqət yetirilməliydi.
Hansı dövlət qurumları öz sistemlərini inteqrasiya edib və hansılar edə bilməyib, onların siyahıları nə üçün dərc edilmir, hansılar bilərəkdən bunu etmir, vətəndaşlar və biznes sektoru üçün hansı yeni təkliflər gözlənilir, e-ximətlərin keyfiyyətində hansı dinamika var və s.
EHİM nəhayət ki, dövlət qurumunun vətəndaşdan kağız formada hər hansı sənədin istənilməsinin qadağan olunması ilə bağlı hüquqi normativ aktın qəbul edilməsi haqqında Prezident Administarsiyası qarşısında, hökumət qarşısında çıxış etməlidir.
EHİM Ədliyyə Nazirliyi ilə birgə dövlətin informasiya sistemlərində mövcud olan rəsmi elektron sənədin printerdə çap edilərək yenidən notarial təsdiqini qadağan edən normalar hazırlmaladır.
EHİM hesabat verməlidir ki, ötən dövr ərzində nə qədər xidmətin sadələşdirilməsi aparılıb, bununla bağlı nə qədər hüquqi sənədlərə dəyişikliklər təklif edilib və bunun əsasında hansı normal elektron xidmətlər hazırlanb.
“Elektron Hökumət” Portalı və “myGov” Portalı arasındakı paralelçılık nə zaman aradan qaldırılacaq?".
Daha sonra Osman Gündüz qeyd edib ki, EHİM-in hazırladığı məlumat, sanki eGov sahəsində fəaliyyət göstərən bir İT şirkətin illik press relizidir:
"Analmıram ki, bu cür strateji əhəmiyyət kəsb edən dövlət qurumunda kim və necə bu formada məlumat hazırlayıb açıqlaya bilərdi.
Bir daha təəssüflə bildirirəm ki, EHİM-in belə bir məlumatının yayılması olduqca qüsurlu və mahiyyətcə onun qarşısına qoyulan vəzifələrə uyğun gəlməyən bir haldır", - deyə təssüfləndiyini qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) "EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib" başlıqlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 2018-ci il 14 mart tarixində yaradılıb.

"Fəaliyyət göstərdiyi dövr ərzində EHİM strateji əhəmiyyət kəsb edən bir çox rəqəmsal hökumət həllərinin ərsəyə gətirilməsini təmin edib. “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, COVID-19 pasportunun operativ yoxlanılmasını təmin edən “CheckApp” mobil tətbiqi, “Rəqəmsal icra hakimiyyəti” portalı, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Finans”, “İcazələrin alınması və monitorinqi sistemi” və digər layihələr EHİM tərəfindən yaradılıb və hazırda uğurla idarə olunur.

EHİM öz fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi olaraq hesabatlar, o cümlədən maliyyə hesabatları təqdim edir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən (Maddə12-1.1) publik hüquqi şəxs olaraq EHİM-in maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun şəkildə tərtib edilir və mühasibat uçotu müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparılır. Eyni zamanda illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə rəsmi internet səhifələrində və ya mətbu orqanında dərc edilir.

Strateji dövlət əhəmiyyəti kəsb edən layihələrin icrasını həyata keçirmək üçün hər il dövlət büdcəsindən EHİM-ə büdcə vəsaiti ayrılır. Qeyd olunan büdcə vəsaiti mühasibat uçotu haqqında qanunun tələbinə uyğun olaraq Mərkəzin qəbul etdiyi və tərtib etdiyi IFRS-ə əsasən gəlir kimi tanınmır, dövlət büdcəsi tərəfindən kapital qoyuluşu kimi uçota alınır. Bununla yanaşı, EHİM öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən hər ay ƏDV (Əlavə Dəyər Vergisi) və illik mənfəət vergisi ödəyir.

Qeyd edək ki, EHİM tərəfindən yaradılan milli resurslar, mərkəzləşdirilmiş və depozitar həllər, aparılan texniki optimallaşdırma işləri, habelə dövlət-özəl tərəfdaşlığı layihələri sayəsində 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilib.

EHİM tərəfindən cari ildə, habelə növbəti illərdə yeni rəqəmsal hökumət həllərinin yaradılması və bununla da əlavə olaraq 50 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilməsi nəzərdə tutulub",- deyə bildirilib.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN