Ölkədə su təsərrüfatının vəziyyətinə həsr olunmuş keçirilən müşavirələrdə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və onların aradan qaldırılması üçün tapşırıqlar verib.

Ancaq aktiv suvarma dövrünün başlamasından xeyli vaxt keçməsinə baxmayaraq, Naxçıvanda fərdi əkin sahələrinə hələ də su verilmir. Lakin yerli məmurlara məxsus tarlalar isə artıq bir aydan çoxdur ki, suvarılmağa başlanıb.

Bu haqda məlumat verən yerli fermerlərin sözlərinə görə, Naxçıvanda əkin üçün əsasən qış boyu müxtəlif anbarlara yığılmış sudan istifadə olunur. Həmin anbarların su tutumu kifayət qədər olmadığından, yazın ortalarında bir çox əkin sahələri susuz qalır.

Fermerlər deyir ki, bu səbəbdən, yaz başlayanda su ilk olaraq məmurların sahələrinə verilir. Onların növbəsi çatana kimi isə, anbarlarda su qalmır. Fermerlərin sözlərinə görə, Naxçıvanda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları da yerli məmurların monopoliyasındadır.

Babək rayon sakini Y.Babayev deyir ki, bu il 3 hektara yaxın ərazidə müxtəlif kənd təsərrüfatı məhsulları əkib. Lakin vaxtında suvara bilmədiyindən, əkin sıradan çıxmağa başlayıb: "Naxçıvanda insanların əksər hissəsi ailəsini dolandırmaq üçün kənd təsərrüfatı ilə məşğul olur. Əkib- becərib, bazara çıxarıb, satırıq. Normal məsul götürmək üçün isə əkini vaxtında suvarmalısan. Məhsul bol olanda bazarda qiymətlər də aşağı  olur. Bundan bütün əhali xeyir görür. Lakin bəzi məmurlar buna imkan vermir. Babək rayonu əkin suyunu əsasən Şahbuz rayon ərazisindəki su anbarından götürür. Buradakı ərazilərin 70 faizdən çoxu məmurlar tərəfindən zəbt olunub. Suyun hamısını onlara verirlər. Onlar suvarıb qurtarandan sonra əgər qalarsa, biz də suvara bilirik. Bu isə çox gec olur. Əkin vaxtında su almadığından məhv olur. Özləri əkib-becərib bol məhsul götürürlər. Məhsullarını da bazara istədikləri qiymətə çıxarıb satırlar. Çünki başqalarına imkan vermirlər".

Şərur rayonda isə əkin sahələrinin su təlabatı əsasən Arpaçay su anbarı vasitəsi ilə ödənilir. Rayon sakini R.Qurbanov deyir ki, bu sudan onlara pay çatmır. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: "Naxçıvan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər etmişik. Deyirlər ki, indi vaxtı deyil, aprelin 15-dən sonra su buraxılacaq. İndi vaxtı deyilsə, öz sahələrinə niyə su verirlər, bizə gələndə hələ vaxtı olmur? Mən beş hektar ərazidə taxıl əkmişəm, hələ bir dəfə də suvara bilməmişəm. Bunlar isə öz sahələrini hər gün suvarır. Ancaq özlərini düşünürlər. Mən planlaşdırırdım ki, əlavə bir neçə hektarda başqa məhsul əkim. Ancaq belə getsə, əkə bilməyəcəm. Şərurda bütün fermerlər, fərdi təsərrüfatlar mənim vəziyyətimdədir".

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəflərin də mövqeyini dərc edtməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN