Taxta materiallarının idxalının azalması Lerik və Yardımlı meşələrində əli baltalıların sayını artırıb...

“Son günlər Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə daxil olan məlumatlar bizdə ciddi narahatlıq yaradır və bunun qarşısının alınması üçün qüvvələrimizi səfərbər etmişik”.

 Bunu Xidmət rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, Yardımlı və Lerik meşələrinə müdaxilə hallarının artması faktları təhlil olunub və ehtimal edilir ki, son dövrdə ölkəyə gətirilən taxta materiallarının idxalında azalmanın qeydə alınması sözügedən meşə ərazilərinə təzyiqlərin artmasına səbəb olub.
“Biz bu təhlükə və təzyiqlərdən olduqca narahatıq və hesab edirəm ki, bu gün güclərimizi birləşdirməliyik. Bizə ictimaiyyətdən, ictimai fəallardan, hüquq-mühafizə orqanlarından güclü dəstək olmalıdır ki, bu təzyiqlərin birgə qarşısını alaq”,- deyə Xidmət rəsmisi bəyan edib.

Qeyd edək ki, Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir.

Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. 

Qeyd edək ki, Azərbaycanda yaşıllıqların sayının artırılmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin xidmətlərinin danılmaz olduğu heç kəsə sirr deyil.

Müxtəlif adlar altında təşkil edilən ağacəkmə aksiyaları,  tinglərin paylanması, təkcə ötən il 2 milyon ağac əkilməsi də buna sübutdur.

Lakin bu qədər zəhmətin qarşısında hələ də cibini güdən əli baltalıların olması təəssüfləndirici haldır. Və bəzən belə halları görüb, göz yuman şəxslər də yox deyil. Halbuki hər birimiz belə hallarla mübarizə aparmalıyıq. Və belələrinin yalnız bu halda əli-qolu bağlanar.

 Xatırladaq ki, 30 ilədək Ermənistanın işğalı altında qalan ərazilərimizdəki 300 min hektara yaxın meşə sahəsini ermənilər vəhşicəsinə talayıblar, qıraraq məhv ediblər. İndi biz işğaldan azad edilmiş ərazilərimizdə meşələrin bərpası barədə düşünməliyik və əlimizdə olan meşələrə maddi xeyir götürmək naminə qənim kəsilib, baltalamamalıyıq.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN