Hər il 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Bu günün tarixi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma gününün qeyd olunması ilə başlayıb. Sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü elan olunub.

Əmək qanunvericiliyində çox geniş əhatə olunmuş əməyin mühafizəsi dedikdə, əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu, istehsalat proseslərinin təhlükəsizliyini, işçilərin müxtəlif növ zədələnmə və bədbəxt hadisələrdən qorunmasını təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər sistemi kimi başa düşülür.

Hazırda ölkədə çalışan işçi qüvvəsinin əsas hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğuldur. Aqrar sahə iqtisadiyyatın nisbətən təhlükəli sahələrindən biri sayılır. İntensiv olaraq maşın və aqreqatlardan, pestisidlərdən, həmçinin başqa aqrokimyəvi maddələrdən istifadə bu sahədə təhlükəlilik risqinin dərəcəsini daha da artırır.

İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürənin və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir.

Bu gün Bakıda 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən konfrans da məhz aqrar sahədə əməyin mühafizəsi mövzusuna həsr olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Əmək Müfəttişliyi Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyimiz məlumata görə, tədbiri açan nazirliyin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsi bu gün bütün dünyada ən aktual məsələlərdən biri sayılır. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olduğunu deyən Rafail Quliyev qeyd edib ki, aqrar sahədə intensiv olaraq maşın və aqreqatlardan, pestisidlərdən, həmçinin digər aqrokimyəvi maddələrdən istifadə edildiyindən bu sahədə əməyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur, aqrar sahədə çalışan işçilər mütəmadi olaraq təlimlərə cəlb edilirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında ölkəmizdə əməyin mühafizəsinin təşkili və təmini işində həmkarlar ittifaqlarının rolundan danışıb. Qeyd edib ki, işəgötürənlər həmkarlar ittifaqı komitələri ilə birlikdə əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirirlər.

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov vurğulayıb ki, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürən və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir. O, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və təcrübə mübadiləsinin aparılması işlərinin mütəmadi davam etdirilməsinin zəruri olduğunu qeyd edib.

Daha sonra sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının rəhbərləri fəxri diplomlarla təltif olunublar.

Konfrans işini “Əməyin mühafizəsi sahəsində çağırışlar” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam etdirib. Panel müzakirələrdə çıxış edən dövlət qurumlarının rəsmiləri əməyin mühafizəsi ilə bağlı standartlar, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunmasına yönəldilmiş təşkilati, texniki, sanitar-gigiyenik və müalicəvi-profilaktik tədbirlər barədə təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra əməyin mühafizəsinin təşkili mövzusu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN