Qazaxıstanın Akmola vilayətində  diaqnozu qoyula bilməyən xəstəliyə minlərlə heyvan yoluxub.

Baytarların verdiyi məlumata görə, 4000 başdan çox iribuynuzlu mal-qara, 2000-ə yaxın qoyun-keçi xəstələnib, 20-dən çox heyvan naməlum xəstəlikdən ölüb. Yoluxma sayı artmaqda davam edir.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilir ki, xəstəlik ölkənin 8 rayonunun ərazisinə yayılıb. Lakin Ereymentau rayonunda vəziyyət xüsusilə ağırdır. Orada daha çox ev heyvanlarının ölümü qeydə alınıb. Mütəxəssislər mal-qaranın ölümünün dəqiq səbəbini deyə bilmirlər. İlkin diaqnoz dabaq xəstəliyi olsa da, laboratoriya müayinələrinin nəticəsi bunu təsdiq etməyib.

Akmola vilayətinin Kənd Təsərrüfatı İdarəsinin məlumatına görə, aprelin 10-dan mayın 11-dək Erkinşilik kəndində 2300 baş iribuynuzlu heyvan naməlum etiologiya ilə xəstələnib. Onlardan 700-ü sağalıb, 19 baş tələf olub, qalan mal-qara (1600 baş) simptomatik müalicə alır. Xırdabuynuzlu heyvanlardan isə 1600 baş xəstələnib. Onlardan da 300 baş sağalıb, qalan 1300 baş heyvan isə simptomatik müalicə alır.

 "Aprelin 11-i və 29-da yerlərdə nümunələr götürülüb, dabaq xəstəliyinə dair laborator müayinələrin nəticəsi neqativ çıxıb. Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı baytarlıq və profilaktik tədbirlər, o cümlədən dabağa qarşı peyvəndləmə planı hazırlanıb”, - deyə nazirlikdən bildirilib.

Baytarlıq Nəzarəti Komitəsindən verilən məlumata görə, peyvəndin may ayının sonuna kimi gəlməsi gözlənilir.

Ölkədə ilk dəfə mal-qaranın kütləvi tələfatı mart ayının ortalarında Atırau vilayətində qeydə alınıb.

***

Qeyd edək ki, dabaq xəstəliyi heyvan sağlamlığına mənfi təsir göstərən xüsusi təhlükəli, transsərhəd, yoluxucu virus xəstəliyidir. Xəstəlik iqtisadi itkilərlə, o cümlədən süd və ət məhsuldarlığının azalması, reproduktiv fəaliyyətin zəifləməsi və heyvanın ölümü ilə nəticələnir. Xəstəliyə nəzarət və onun ləğvi üzrə tədbirlərə sərf olunan maddi vəsait, həmçinin heyvan və heyvan mənşəli məhsulların ixrac və idxal prosesində tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatında zərərlərə səbəb olur. Dabaq xəstəliyi baş verdiyi təqdirdə xəstəliyin aradan qaldırılmasında yoluxmuş heyvanların məhv edilməsi böyük əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikası ərazisində dabaq xəstəliyi sonuncu dəfə 2001-ci ildə qeydə alınmışdır. Qeyd edək ki, son 10 il ərzində həyata keçirilən seromonitorinqlərin nəticələrinə əsasən, heyvanlar arasında xəstəlik halları aşkar edilməmişdir. İndiyə qədər ölkədə dabaq virusunun 4 serotipi - O, A (A7 və A22 serovarları), SAT-1 və Asiya-1 qeydə alınmışdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN