Üç aya yaxındır ki, müharibə səbəbindən blokadada qalan Ukrayna bir çox məhsullarını, o cümlədən taxıl, bitki yağları və s. ixracını dayandırmaq məcburiyyətində qalıb.

Hansı ki, bəzi ölkələr bu ərzaqlardan asılıdır. Elə bu səbəbdəndir ki, bir çox ərzaq məhsullarının qıtlığı və bahalaşması başlayıb. Həmçinin hazırda Ukraynanın 30 faizdən çox əkinə yararlı torpaqlarında da müharibə səbəbindən kənd təsərrüfatı məhsullarının becərilməsi mümkünsüz hala gəlib.

Bu günlərdə BMT-nin Baş katibi Antoniu Quterreş də Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağını bir daha xatırladıb. 

Lakin heç bir xəbərdarlıq müharibəni dayandıra bilmir...

Artıq Avropa İttifaqı Ukrayna məhsullarını  blokadadan çıxarma yollarını fikirləşib.

 Avropa Komissiyası Ukraynaya kənd təsərrüfatı mallarının ixracına kömək etmək üçün “Həmrəylik yolları” tədbirlər kompleksinə başlayır.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna dəniz limanlarının blokadası qlobal ərzaq təhlükəsizliyini təhdid edir, ona görə də Aİ alternativ marşrutların yaradılmasının zəruriliyini bildirir.

"Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna limanlarını blokadaya alması nəticəsində Ukrayna taxılı və digər kənd təsərrüfatı məhsullarını artıq təyinat yerinə çatdırıla bilmir. Bu vəziyyət qlobal ərzaq təhlükəsizliyini təhdid edir, ona görə də təcili olaraq bütün nəqliyyat növlərindən istifadə etməklə alternativ logistik marşrutlar yaratmaq lazımdır”, - deyə məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, “Həmrəylik yolları” Ukraynaya taxıl ixrac etməklə yanaşı, ehtiyac duyduğu malları – humanitar yardımdan tutmuş heyvan yemi və gübrəyə qədər idxal etmək imkanı verəcək.

Avropanın nəqliyyat üzrə komissarı Adina Velyanın sözlərinə görə, Aİ infrastrukturundan istifadə etməklə 20 milyon ton taxıl üç aydan az müddətdə Ukraynanı tərk etməlidir.

Avropa Komissiyası qeyd edib ki, minlərlə yük maşını və furqon Aİ sərhədlərinin Ukrayna tərəfində qalıb, hansı ki, keçmək üçün ortalama gözləmə müddəti 16, bəzi sərhədlərdə isə 30 günədək müddət tələb edir.

Və yəqin ki, məsələ həllini tapandan sonra Ukrayna məhsullarına ehtiyacı olan ölkələrin sakinləri bir müddət rahat nəfəs ala biləcəklər.

Müharibə isə təəssüf ki, hələ də davam edir və Ukraynanın bərəkətli torpaqlarında əkin-biçin işləri aparıla bilmir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN