İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci ildə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Hazırda Agentliyin idarəçiliyində 6 sənaye parkı, 4 sənaye məhəlləsi və 51 aqropark fəaliyyət göstərir. Bundan başqa İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.

Agentlik Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının  və 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul) və 51 aqroparkın idarəedici təşkilatıdır.

Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

 İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10000-dən çox daimi iş yeri yaradılıb.

Agentliyin məlumatına görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.

Göründüyü kimi,  sənaye zonalarına əlavə investisiya yatırılması nəticəsində yaxın gələcəkdə 2600-dən çox insan iş yeri ilə təmin ediləcək ki, bu da ölkədə işsizlərin sayının azalmasına və insanların rifah halının yüksəlməsinə səbəb olacaq.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN