Nəhayət, keçmiş KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin məhkəmə prosesi başa çatdı...

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli son söz deyib. O, məhkəmədən bəraət istəyib. Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib. Hökmə əsasən, Vüqar Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

*** 

V.Səfərli ilə birlikdə digər təqsirləndirilən şəxslər barəsində də qərar verilib. Belə ki, KİVDF-də müvafiq vəzifələrdə çalışmış Nadir Məmmədova altı il həbs, Bünyamin İsmayılov, Ədalət Vəliyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevə şərti cəza verilib. Təqsirləndirlilən şəxslər dəymiş ziyanı Medianın İnkişafı Agentliyinə ödəməlidirlər. Səfərlinin Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub. Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər. Eyni zamanda hökmdə göstərilib ki, V.Səfərli Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilib, bank hesabına həbs qoyulub. Proses davam edir.

 

Qeyd edək ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, KİVDF-də dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

***

Bəli, su çanağı suda sınar! Dəfələrlə deyilməsinə, yazılmasına baxmayaraq KİVDF rəhbərliyi istər qəzetlərə maliyyə yardımı verilməsində, jurnalistlər arasında yazı müsabiqələrində, fəxri adların verilməsində və mənzillərin paylanmasında görünməmiş ədalətsizliklərə yol verməyindən qalmadı. Bu da son!

A.Məmmədli 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN