Kremlin az əvvəl yaydığı stenoqrama əsasən İlham Əliyevlə görüşü açan Rusiya prezidenti Vladimir Putin bildirib:

 -Sizin səfəriniz bizim ikitərəfli münasibətlərimizdə mühüm hadisənin-diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş verir. Və biz bu gün müttəfiqlik münasibətləri barədə birgə Bəyannamə imzalayacağıq. Bu, tamamilə aydındır ki, münasibətlərimizin yeni inkişaf mərhələsidir və şübhəsiz ki, o cümlədən sona qədər nizamlanmamış, amma həllində irəliləyiş əldə olunmuş məsələdə-Qarabağ nizamlanması məsələsində əldə edilmiş nailiyyətdən sonra mümkün oldu.

Hesab edirəm ki, biz cari həyatda hələ də meydana çıxan problemlərə baxmayaraq indiki səviyyəyə çatmaqdan hər halda məmnunuq. Biz bu haqda, əlbəttə, bu gün daha ətraflı danışacağıq. Lakin istənilən halda təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından artıq müəyyən razılaşmalar var, eyni zamanda ticarət-iqtisadi əlaqələrin inkişafına, nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşmalar var.

 Bilirəm ki, hələ mübahisələr var, üzərində işlənməli olan məsələlər var. Lakin biz öz tərəfimizdən prosesin dinc vasitələrlə getməsi, dinc yollarla inkişaf etməsi, şübhəsiz ki, prosesə cəlb olunmuş bütün tərəflərin məmnuniyyətinə nail olmaq üçün hər şeyi edəcəyik.

Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm sizin digər qonşularınız, bilirəm ki bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarına dair məsələlərin həll edilməsində maraqlıdır, çünki bunda təkcə Azərbaycan və Ermənistan yox, Rusiya da maraqlıdır, təkrar edirəm, bütün sizin qonşular maraqlıdır.

Ticarət-iqtisadi əlaqələrə gəldikdə isə o ardıcıl şəkildə inkişaf edir: pandemiyaya baxmayaraq bizdə ötən il mal dövriyyəsi 16 faizdən çox artıb və bu çox yaxşı göstəricidir. Biz Sizə minnətdarıq ki, qarşılıqlı münasibətlərə dəstək verirsiniz. Bizim bu sahədə planlarımız çox ciddidir. İqtisadi əlaqələrimiz kifayət qədər yaxşı şaxələndirilib və bu sonrakı irəliləmə üşün yaxşı zəmin yaradır.

Sizə bizim üçün həssas olan və fikrimcə Azərbaycan üçün də mühüm olan humanitar məsələlərin həllinə görə minnətdarlıq edirəm, hər şeydən əvvəl rus dilinin dəstəklənməsinə və inkişafına görə. Azərbaycanda, bildiyim qədər, 300 məktəbdə rus dili fəal tədris olunur, populyarlığa malikdir. Biz, əlbəttə, bunu gələcəkdə də hər cür dəstəkləyəcəyik.

Regional əlaqələr də kifayət qədər effektiv inkişaf edir. Əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək bizdə Ukrayna istiqamətində nələrin baş verdiyi barədə Sizi məlumatlandırmaq istərdim. Bilirsiniz ki, dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq qərarı verdi.

Dərhal demək istəyirəm: biz görürük və əvvəl də görmüşük ki, bu mövzuda spekulyasiyalar olur, o mövzuda ki, Rusiya özünün imperiya sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə hazırlaşır. Bu, qətiyyən həqiqətə uyğun deyil.

Sovet İttifaqının parçalanmasından sonra Rusiya bütün yeni geosiyasi reallıqları tanıdı və Sizin bildiyiniz kimi, postsovet məkanında meydana çıxan bütün müstəqil dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üzərində fəal işləyir. Hətta kəskin, çox kəskin situasiyalarda, deyək ki, Dağlıq Qarabağ nizamlanmasında biz həmişə çox səliqəli hərəkət etmişik, prosesə cəlb olunmuş bütün dövlətlərin maraqlarından çıxış edərək. Və həmişə qarşılıqlı məqbul qərarların qəbul edilməsinə can atmışıq.

Təəsüf ki, Ukraynada baş vermiş dövlət çevrilişindıən sonra Ukrayna ilə belə səviyyədə və keyfiyyətdə qarşılıqlı münasibətləri biz görmürük, o itib. Qeyd etmək istəyirəm: məhz dövlət çevrilişindən və hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra sonra bunu etdilər...

 ***

Azərbaycanla Rusiya arasında bu gün imzalanacaq müttəfiqlik Bəyannaməsi kifayət qədər əhatəli sənəddir. Orada 40-a yaxın bənd var və müxtəlif sferaları əhatə edir. Prezident İlham Əliyev bu haqda Kremldə prezident Vladimir Putinlə görüşündə bildirib. “Sənəd birmənalı olaraq çox müsbət əhəmiyyətə malik olacaq”, - o qeyd edib.

İlham Əliyev Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.

 Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.

 ***

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşün əvvəlində bildirib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair birgə Bəyannamənin imzalanması planlaşdırılır və bu münasibətləri yeni səviyyəyə çıxaracaq.

Putin çıxışında habelə Qərbin “Donetsk və Luqansk xalq respublikaları”nın tanınmasına görə Rusiyanı imperiya ambisiyalarında günahlandırmasına toxunub. “Dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq qərarı verdi. Biz bu mövzuda spekulyasiyaların şahidi olduq, o baxımdan ki, Rusiyanı imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşmaqda günahlandırdılar. Bu, qətiyyən həqiqətə uyğun deyil”, - Putin bildirib.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü başlayıb. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN