BLOOMBERG-DƏN RUSİYA İLƏ BAĞLI BƏDBİN PROQNOZ

2022-ci ilin nəticələrinə görə, Rusiya Federasiyasında işsizlik son 10 ildə ilk dəfə olaraq iki dəfədən çox arta və 9%-i keçə bilər -  2 milyona yaxın iş yeri risk zonasında olacaq...

Bu barədə Bloomberg analitiklər arasında martda keçirilən sorğuya istinadən yazır.

"Bu, Rusiyada islahatların başladığı və fabriklərin bağlandığı 90-cı illərin əvvəllərini xatırladır".

Bunu iqtisad elmləri doktoru Yevgeni Qontmaker agentliklə söhbətində deyib.

Strateji Araşdırmalar Fondunun proqnozuna görə, 2022-ci ilin sonuna qədər Rusiyda 2 milyona yaxın iş yeri risk zonasında olacaq və vəziyyətin yalnız 2023-cü ildə yaxşılaşacağı gözlənilir.

 “Superjob” agentliyinin rəhbəri Aleksey Zaxarov isə agentliyə bildirib ki,  Rusiyanın əmək bazarında “sakitlikdir”.

“İşəgötürənlərdən eşitdiyimiz yalnız odur ki, onlar hamını axıra kimi saxlayacaqlar və heç kimi işdən çıxarmaq istəmirlər”, - deyə bildirib.

Qeyd edək ki, Bloomber  “Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi”nə istinadən yazır ki, martda yeni vakansiyaların sayı fevral ayı ilə müqayisədə 20% azalıb və ən kəskin azalma Moskva və Sankt-Peterburqda olub.

***

Xatırladaq ki, Rusiyanın fevralın 24-ü səhər saatlarında Ukraynaya hücumundan sonra ABŞ, Aİ ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və etməkdə də davam edir. Məlumatlara görə, Rusiyanın illik həcmi 238 milyard dollar olan idxalında ilk yerdə texnologiya məhsulları gəlir.

Və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində  “Boeing”, “Airbus” və “Embraer” Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü və texniki xidmətini dayandırıb. Həmçinin çoxlu sayda avtomobil istehsalçıları -“Porsche”, “Toyota”, “Mercedes-Benz”, “BMW”, “Volvo”, “MAN”, “Ford”, “Volkswagen”, “General Motors” Rusiyada istehsalı və ölkəyə ixracını,  “Oracle” şirkəti isə bütün fəaliyyətini dayandırıb.

“Suzuki”, “Honda”, “Mazda” Rusiyaya avtomobil və motosiklet tədarük etməyəcəklər, həmçinin “Daimler Truck” isə Rusiyanın “Kamaz” şirkəti ilə əməkdaşlığı dayandırıb.

Bu siyahının ucu-bucağı yoxdur, biz yalnız bir neçəsini təqdim etdik...

Bütün bu iqtisadi sanksiyalar qarşısında ölkəsinin az itkilərlə çıxması üçün Rusiya prezidenti də bəzi fərmanlar verib və qabaqlayıcı tədbirlər görür...

Lakin il hələ yeni başlayıb. Müharibə isə çox təəssüf ki, hələ də davam edir. Bu anlamsız müharibə səbəbindən Ukraynada bir çox məhsulların ixracı da mümkünsüzləşib. Həmçinin müharibə Ukraynada kənd təsərrüfatı məhsullarının əkininə və becərilməsinə də mane olub. Bu isə Ukraynanın ixracından asılı olan ölkələrdə, ümumilikdə dünyada bəzi ərzaq məhsulların qıtlığına səbəb ola bilər. Bununla bağlı Ukrayna hökuməti də dəfələrlə xəbərdarlıq edib.

Qeyd edək ki, tətbiq edilən sanksiyaların müharibəni sonlandırmağa hələ ki, gücü yetməsə də, həm Rusiyanın, həm də Rusiyadan bir çox məhsulları idxal edən (həm də ixrac) bir sıra Avropa ölkələrinin iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə olan halda, bir çox insanın iş yerlərini itirməsi, yaxud qazanclarının xeyli azalması qaçılmazdır...

P.S. Qeyd edək ki, "Rosstat"ın məlumatına görə, yanvarda Rusiyada işsizlik 2021-ci ilin dekabrındakı 4,3%-dən 4,4%-ə yüksəlib.

"2022-ci ilin yanvar ayında 15 yaşdan yuxarı 3,3 milyon insan (Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq) işsizlər kateqoriyasına daxil edilib. 2022-ci ilin yanvar ayında 15 yaş və yuxarı əhalinin işsizlik səviyyəsi 4,4% təşkil edib (mövsümi amil istisna olmaqla)", sənəddə bildirilir.

Və statistikaya əsasən, yanvar ayında Rusiya Federasiyasında işsizlərin sayı 3,296 milyon nəfər təşkil edib (2021-ci ilin sentyabrında işsizlik 3,272 milyon nəfər, oktyabrda 3,274 milyon nəfər, noyabrda isə bu rəqəm 3,235 milyon, dekabrda 3,22 milyon nəfərədək azalıb).

 

JASMİN  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN